Daşkəsəndə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr" mövzuda tədbir keçirilib
Dünən Daşkəsən rayonunda "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə tədbir keçirilib.
Tədbiri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması sahəsində Milli Fəaliyyət Proqramı ilə əlaqədar 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncam imzalanmışdır. Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlığını təmin edir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar 22 bənddən ibarət Daşkəsən rayonu üzrə tədbirlər planı tərtib edilərək, Daşkəsən rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq olunubdur.
Ə.Abıyev onu da vurğulayıb ki, təhsil sisteminin daha da yaxşılaşdırılması üçün 760 şagird yerlik, 6 ümumtəhsil məktəb binası inşa olunmuş, 3 məktəb binası əsaslı, 4 məktəb binası cari təmir, 3 körpələr evi - uşaq bağçası əsaslı təmir olunub: "Rayon ərazisində avtomobillərin intensiv hərəkətinin və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə Zağalı-Kollu-Çıraqlı avtomobil yolu yenidən qurulmuş, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11m, abtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülər tikilmiş, 2 ədəd dəmir yolu körpüsü təmir edilibdir. Həmçinin, rayonun girəcəyində geniş, irimiqyaslı tikinti, quruculuq- abadlıq işləri aparılmış, yüksək səviyyəli "Bayraq Meydanı" yaradılmış və yeni park istirahət mərkəzi salınmışdır. Daşkəsən şəhərində "Yeni Həyat" xeyir-şər evi tikilib, Heydər Əliyev Mərkəzi, "Cümə" məscidi əsaslı təmir edilibdir. Azərbaycan hökuməti ilə Islam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinə başlanılmış, hazırda həmin işlər davam etdirilir. Rayonun Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatmışdır".
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə yuxarda qeyd olunan Dövlət Proqramı uğurla həyata keçirilir.
Müzakirələrdə Daşkəsən şəhər bələdiyyə sədrinin müavini Duman Mahmudova, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva və digərləri çıxış edərək, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına məlumat veriblər.
Tədbirdən sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgərlərə yaradılmış şəraitlə maraqlanıb, rayon polis şöbəsində olublar.
R.HÜSEYNOVA