Dünən Səbail rayonunda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Rayonun Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında keçirilən tədbirdə qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı və bununla da 15 iyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Çıxışlarda o da bildirilib ki, Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub-saxlaya bilib və bu siyasəti Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev uğurla inkişaf etdirib: "Bu gün Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib. Bayram tədbirində vurğulanıb ki, Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi Ümumxalq Lideri statusunu qazanıb. Bunlardan biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə ilk dəfə olaraq, Dünya Azərbaycanlılarının əsl Millət Lideri kimi qəbul olunub".
Bayram tədbirində respublikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı Musiqi Məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri və xalq mahnıları səslənmişdir.
Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilib.
Ü.ƏSGƏROV