YAP İsmayıllı rayon təşkilatı şəhər 3 saylı məktəb - liseyi ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, 1993-cü ilin iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtardı: "Öz xilaskar missiyası ilə Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır".
Rayon təşkilatın sədri bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətlə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan xalqının mənafeyini düşünən bir Lider olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib: "Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər, məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu Şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib".
Tədbirdə İsmayıllı şəhər 3 saylı məktəb - litseyin direktoru Əhmədağa Ələkbərov, məktəb - liseyin tarix müəllimi Famil Əhmədzadə və başqaları çıxış edərək, qeyd etdilər ki, Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir.
Tədbirin sonunda məktəb - liseyin şagirdlərinin ifasında Ulu Öndərə və Milli Qurtuluş Gününə həsr olunmuş ədəbi - bədii kompozisiya nümayiş etdirilib.
ZÜMRÜD BAYRAMOVA