YAP Nizami rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Nizami rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır" adlı tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək, Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 23 il keçdiyini xatırladaraq, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb: "Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır. Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Dahi Lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən Vüqar Rəhimzadə qeyd edib ki, bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
"Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub" - deyən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova isə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının (DİA) dosenti, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Nizami rayon Veteranlar Təşkilatının sədri Yəhya Ağayev və digər çıxışçılar da 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev irsini öyrənirik" məktəbinin məzunlarına sertifikatlar və fəxri fərman təqdim edilib. Eyni zamanda, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın yaradıcısı, müasir Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsində və onlarda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında xüsusi xidmətlərinə görə sertifikatla təltif olunub. Həmçinin, tədbirdə ictimai-siyasi aktivliyinə, veteranlarla aparılan işə, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesinə verdiyi töhfələrinə görə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevaya və Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovaya Azərbaycan Respublikası Veteranlar Təşkilatının "Vətən həmrəyliyi" medalı, eləcə də bir qrup gəncə döş nişanları və vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin yetirmələri Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Ü.ƏSGƏROV