PDF Oxu

Sosial

  • 38

Xəzər rayonunda 15 İyun Milli Qurtuluş Günü qeyd edildi

Xəzər rayonunda 15 İyun Milli Qurtuluş Günü qeyd edildi

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının inzibati binasında YAP Xəzər rayon təşkilatının, rayon icra hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açıq elan edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycanda Ulu Öndərin hakimiyyətə gəlməsini zəruri edən hadisələrdən bəhs edərək bildirdi ki, o zamankı iqtidarın səriştəsizliyi nəticəsində, ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürürdü: "Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və Onun siyasi hakimiyyətə gəlişi üçün çalışırdı. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Ulu Öndərin hakimiyyətə gəlməsini istəmirdi, amma xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamızın dağılmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ümummilli Liderin uzaqgörən siyasəti, səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı".

Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, YAP Xəzər rayon qadınlar şurasının sədri Pərvanə Hacıyeva, YAP Xəzər rayon təşkilatı gənclər birliyinin fəal üzvü Bilqeys Zeynalova çıxış edərək, Ümummilli Liderin ölkəmizin dövlətçilik tarixində böyük iz buraxdığını vurğuladılar.

Milli Məclisin deputatı Rauf Əliyev çıxışında 15 İyun Qurtuluş Gününün Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildiyini qeyd etdi. R.Əliyev vurğuladı ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Ulu Öndərin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi: "Bu fikirlər Milli Məclisin qərarında da öz əksini tapıb. Həmin vaxtdan etibarən xalqımız 15 iyun gününü bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu gün Azərbaycan regionda irimiqyaslı layihələrə imza atır, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, idman yarışlarının təşkilatçısı kimi göstərilir. Düşünürəm ki, nə qədər ki, Azərbaycan var olacaq, Ulu Öndərin ideyaları da yaşayacaq".

Rövşən RƏSULOV

Digər xəbərlər