PDF Oxu

Sosial

  • 26

Azərbaycanda "Son zəng" çalındı

Azərbaycanda "Son zəng" çalındı

Ümumtəhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini isə 88591 şagird bitirdi

Dünən Azərbaycanda 2015/2016-cı dərs ili başa çatdı və bütün ümumtəhsil müəssisələrində on bir illik məktəb həyatının "Son zəng"i çalındı. Məktəb illərinin on bir ilini arxada qoyan məzunlar yaddaşlarda qalacaq bu günün zəngini uşaqlıq və yeniyetməlik dövrünün xatirələri tək əbədiləşdirdilər. Bu il məktəblərdə çalınan "Son zəng" əvvəlki illərdən fərqli olaraq 31 may tarixində deyil, 14 iyunda çalındı. Bu tarixin ilk məzunları olan gənclər artıq müstəqil Azərbaycanın müstəqil vətəndaşları kimi həyata qədəm qoydular.

Bu il iyunun 14-də ümumtəhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirdi. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı gözlənilir. Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən bu məzunlar istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda da təhsillərini davam etdirmək iqtidarındadırlar. Müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir. Təkcə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün, ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada və Niderland Krallığı tələbələrin təhsil almaları üçün seçdikləri ilk 5 ölkə olub. İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1294 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın 2021-ci ildə məzun olması gözlənilir.

2015-2016-cı tədris ilində "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində 52 "Sağlam təhsil" sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda 1 ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir ki, bu da təhsilimizdə yenilik və uğurlar sırasındadır.

Müasir dövrümüzdə dövlət tərəfindən məktəblilərə göstərilən diqqət və qayğı orada təhsilin yüksəlməsinə, şagirdlərin yüksək səviyyədə təhsil almalarına müsbət təsirini göstərir. Yola saldığımız bu təhsil ilində həyata keçirilən çoxsaylı tədbir və layihələr Ölkə Prezidenti Cənab İlham Əliyevin bu vacib sahəyə ayırdığı diqqətin nəticəsidir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanda savadlı, intellekti yüksək olan gənclər nəslinin yetişməsinə təkandır. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir.

Təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır. Yola saldığımız bu təhsil ilində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbi, Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib.

Belə bir mühitdə yüksək təhsil alan bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvəsini ölkəmizin uğurlarına yeni uğurlara əlavə etməyə sərf etməlidirlər. Bugünün məzununu həyata hazırlayan güclü dövlətimiz, sağlam düşüncəli ziyalılarımız olduğundan mətin, iradəli, intelletual səviyyəli gənclərimiz dünən müstəqil həyata vəsiqə aldırlar. Sabitliyin, əmin-amanlığın hökm sürdüyü Azərbaycanda məktəblərdə çalınan "Son zəng" - həyata çağırış zəngi məzunların işıqlı sabahına yeni yollar açdı. Yolunuz uğurlu olsun, MƏZUNLAR!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər