Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
Qonaqları səmimi salamlayan komitə sədri M.Qurbanlı Avropa Şurası ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu, Avropa Şurasının ölkəmiz qarşısına qoyduğu öhdəliklərin yerinə yetirildiyini və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğunu bildirib.
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Avropa Şurası ilə Azərbaycan arasında mövcud əməkdaşlığa toxunaraq, bu əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın dini məsələlərlə bağlı tolerant ölkə olduğunu deyən qonaq buna əyani şahid olduqlarını da bildirib.
Görüşdə ölkəmizdəki dini vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.
Komitə sədri Mübariz Qurbanlı bildirib ki, bu gün Azərbaycanda 13 kilsə (pravoslav, Alban-Udi və katolik), 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir, hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub- saxlanılan erməni kilsəsi mövcuddur.
Dövlət Komitəsinin sədri dini radikalizm və ekstremizm sahəsində dövlət tərəfindən aparılan qabaqlayıcı tədbirlər və mübarizə üsulları barədə də qonaqlara ətraflı məlumat verib.
Digər həmməruzəçi Sezar Florin Preda da, öz növbəsində komitə sədrinə qəbula görə təşəkkürünü bildirərək, Azərbaycandakı dini vəziyyətin normal olduğunu qeyd edərək, dövlət-din münasibətləri, konfessiyalararası münasibətlərin vəziyyəti, qeyri-hökumət təşkilatları ilə əlaqələr və digər maraq doğuran məsələlər barədə fikirlərini bildirib.
Yekunda M.Qurbanlı ingilis və Azərbaycan dillərində nəşr olunmuş "Azərbaycanın seçilmiş islam abidələri" kitabını qonaqlara təqdim edib.
Görüşdə Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin katibi Delfin Freyman, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər.
ZÜMRÜD