PDF Oxu

Sosial

  • 15

"Sərhəd" Hərbi-İdman Oyunlarının qalibləri mükafatlandırılıb

"Sərhəd" Hərbi-İdman Oyunlarının qalibləri mükafatlandırılıb

Dövlət Sərhəd Xidməti gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Həmin tədbirlər sırasında "Sərhəd" Hərbi-İdman Oyunları xüsusi yer tutur. Artıq ənənəyə çevrilmiş bu oyunlar Dövlət Sərhəd Xidməti rəisinin, Təhsil nazirinin, Gənclər və İdman nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş, üç mərhələdə keçirilən hərbi-idman oyunlarında bu il 28 sərhədyanı rayonun 139 məktəbinin 695 şagirdi iştirak etmişdir. İlk iki mərhələnin yekunlarına görə, 8 komanda-Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun 3 №-li tam orta məktəbin "Gəmiqaya", Beyləqan rayonu Araz qəsəbəsi 1 №-li tam orta məktəbin "Araz", Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin "Ləkin", Lənkəran şəhər Haftoni kənd tam orta məktəbinin "Sərhədçi" Xaçmaz rayonu Gödəkli kənd tam orta məktəbinin "Dənizçi", Qəbələ rayonu Abrıx kənd tam orta məktəbinin "Abrıx", Zaqatala rayonu Danaçı kənd tam orta məktəbinin "Alazan", Ağstafa rayonu Böyükkəsik kənd tam orta məktəbinin "Sərhədçi" komandaları finala vəsiqə qazanıblar.

Builki oyunların final mərhələsi iyun ayının 6-dan 14-dək Dövlət Sərhəd Xidmətinin Xızı rayonu ərazisində yerləşən hərbi hissəsində keçirilib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verilib.

Final mərhələsində komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər. Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, bir sıra maraqlı ekskursiyalara aparılıb, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılıblar.

Oyun zamanı toplanılan ümumi balların miqdarına görə Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin "Ləkin" komandası birinci, Zaqatala rayonunun Danaçı kənd tam orta məktəbinin "Alazan" komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhər 3 №-li tam orta məktəbinin "Gəmiqaya" komandası isə üçüncü yeri tutub.

İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və Təhsil Nazirliyinin şöbə rəisi Vasif Məmmədov qalib komandaları təbrik edərək, "Sərhəd" Hərbi-İdman Oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə qaliblər kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

ZÜMRÜD

Digər xəbərlər