PDF Oxu

Sosial

  • 25

Azərbaycanın idman tarixində daha bir yeni səhifə

Azərbaycanın idman tarixində daha bir yeni səhifə

Bu gün paytaxt Bakıda start götürən elit yarışmalarından olan "Formula-1"-i dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş izləyəcək

Müasir dünyanın Azərbaycanı idman ölkəsi kimi qəbul etməsi təsadüfi deyildi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini atırıb.

Azərbaycanda idman infrastrukturunun mövcudluğu son illərdə 300-dən çox beynəlxalq yarış keçirilməsinə imkan yaradıb. Bu yarışların Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idman sahəsində də ölkəmizə böyük nüfuz qazandırıb. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi etməsində, iqtisadi nailiyyətlərimiz də əsas amillərdəndir. Son on iki ildə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilib.

Ötən il iyunun 12-dən 28-dək dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsinə böyük etimad Azərbaycana olan inamdan doğmuşdur.

Bu gün isə paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifə olacaq. Bakı bütün iştirakçıları və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaqdır. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"-in möhtəşəmliyi üçün paytaxtımızda hər cür şərait yaradılıb. Dünyanın elit yarışmalarından olan "Formula-1" dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış olacaq. Belə ki, yarış zamanı qonaqlar YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və s. görəcək, ecazkarlığı seyr edəcəklər. "Formula-1" Avropa Qran-Prisinin keçirildiyi günlərdə Bakıya 10 mindən artıq turistin gələcəyi də gözlənilir. Onu da bildirək ki, 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək.

Yarışın keçiriləcəyi ərazilərdə bütün təhlükəsizlik tədbirləri görülüb və böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası təşkil olunub. Beynəlxalq Avtomobil Federasiyasının ofisləri, "Formula 1" rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib istifadəyə verilib.

Elit yarışmanın maraqlı və yaddaqalan olması üçün dünya musiqisinin ulduzları 17-19 iyun tarixləri ərzində "Formula-1" Avropa Qran-Prisi çərçivəsində keçiriləcək konsert proqramlarında dünya musiqisinin ən məşhur ulduzlarından olan Kris Braun, Enrike İqlesias və Farel Vilyams çıxış edəcəklər.

Təbii ki, Bakının ev sahibliyi edəcəyi böyük idman yarışı maraqlı və əyləncəli olacaq. Ölkəmizə gələcək "Formula-1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli- dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olacaqlar. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış ola biləcəklər.

İnanırıq ki, "Formula-1" bu günə qədər keçirilən yarışların ən gözəl nümunəsi olacaq. Görülən işlər, həyata keçirilən tədbirlər bu fikri təsdiqləyir. Azərbaycan təkcə bütün dünyaya nəyə qadir olduğunu bir daha nümayiş etdirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər