PDF Oxu

Sosial

  • 33

Sonsuzluq, yoxsa süni övlad sevinci?

Sonsuzluq, yoxsa süni övlad sevinci?

Ötən illərə nisbətən ölkəmizdə süni mayalandırma və yaxud ekstra - korporal (corporal) mayalanmaya üz tutan ailələrin sayı artmaqdadır. İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan ekstra-korporal mayalanma artıq neçə illərdir ki, Azərbaycanda tətbiq edilməsinə baxmayaraq, hələ də birmənalı şəkildə qarşılanmır. Bəs süni mayalanma nədir və kimlərə şamil edilir? İslamda bu vasitə yolveriləndirmi, süni mayalanma qanunvericiliklə necə tənzimlənir?

"Təbii yolla uşaq dünyaya gətirə bilməyənlər bu yola əl ata bilərlər"

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, Səhiyyə Komitəsinin üzvü Musa Quliyevin sözlərinə görə, kim təbii yolla uşaq dünyaya gətirə bilmir, onlar texniki, eləcə də ekstra-korporal vasitələrlə dünyaya uşaq gətirə bilirlər: "Son zamanlar əkiz, üçəm, dördəm doğulan uşaqlara tez-tez rast gəlinir. Əlbəttə, bu, ekstra-korporal yolla dünyaya gələn uşaqlardır. Uşaqların sayı mayalanma nəticəsində baş verən prosesdən irəli gəlir. Lakin islam cəmiyyəti olaraq, əhalimizin böyük əksəriyyəti donorluğun (başqa kişidən mayalanma) əleyhinədir. Təbii ki, burada fikirlər birmənalı deyil, lakin çoxluq mayalanmanın nikahda olan şəxslərin öz orqanizmlərinin hüceyrələrindən götürülərək, həyata keçirməsinin tərəfdarıdır. Fikirlər müxtəlifdir, buna görə heç kimi qınamaq olmaz. Donorluq vasitəsilə uşaq dünyaya gətirmək islam qaydaları və əxlaqına uyğun deyil. Biz Qafqaz Müsəlmanlar İdarəsinin davamlı təklif və müraciətini nəzərə alaraq, "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsindən cinsi hüceyrələrin donorluğu müddəası çıxarılıb. Amma heç kim nikahda olan, lakin təbii yolla uşaq dünyaya gətirə bilməyən şəxslərin öz hüceyrələri vasitəsilə ekstral-korporal yolla uşaq dünyaya gətirməsinin əleyhinə deyil. Qanunda bununla bağlı bütün yolları öz əksini tapıb".

"Süni mayalanmanı həyata keçirən həkim mütəxəssis olmalıdır"

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, Uzm Dr Turab Canbaxışov söyləyib ki, süni mayalanma sadəcə Azərbaycanda deyil, bütün dünyada həyata keçirilir. Son illərdə bu üsula tələbat artıb. Əvvəllər dünyanın əhalisi 5 milyard idisə, hazırda 9 milyarda çatıb. İnsanın sayı artdıqca, təbii ki, xəstəliklər və bununla bağlı problemlər də artır. İllər öncə süni mayalanmaya müraciət edən ailələrin sayı 10 faiz idisə, indi təxminən 15, hətta bəzi ölkələrdə 20 faizə çatıb. Azərbaycanda ödənişi dövlət tərəfindən həyata keçirilən süni mayalanma mərkəzləri olmadığından, ölkəmizdə süni mayalanmaya müraciət edənlərin sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur. Ümumilikdə götürəndə ölkəmizdə də, bütün dünya ölkələrində olduğu kimi, ailələrin 15-20 faizi süni mayalanmaya müraciət edir. Süni mayalanma ginekologiyanın qadın xəstəlikləri və doğuş ixtisasının bir hissəsi olduğu üçün qadın xəstəlikləri ilə məşğul olan endokrinoloqlar həyata keçirir. Süni mayalanmanı həyata keçirən həkim mütəxəssis olmalı, xüsusi məktəb keçməlidir. Hazırda Azərbaycanda bununla bağlı mütəxəssis yetişdirən məktəb yoxdur. Süni mayalanma edən mütəxəssis ciddi təhsildən keçməklə yanaşı, qanunlara tabe olaraq qanunvericiliyə uyğun, Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirməlidir. Süni mayalanmaya kimlər getməməlidir? Ümumiyyətlə, süni mayalanmaya gedə bilməmək anlayışı yoxdur. Ailə qurandan bir müddət sonra uşaq istəyən şəxslər bu proseduraya gedə bilərlər. Lakin əsas göstərişin kimlərə şamil olunduğunu bilməliyik. Həyat yoldaşının spermioqramması çox zəif, xanımın boruları olmayan və ya boruları qapalı olan şəxslər süni mayalanmaya gedə bilərlər. Bundan başqa, yumurtalıqlarda sağalmayan müəyyən xəstəliklər, eləcə də, xanımda və ya uşaqlığın içində müəyyən problemlər zamanı da süni mayalanma edilə bilər. Əlbəttə, hər bir ailəyə təbii yolla hamiləlik üçün 1 il müddətinə vaxt verilir. Əgər bu müddət ərzində hamiləlik baş vermirsə, o zaman səbəblər araşdırılmalı, ciddi problem varsa, müalicə olunmalıdır. Əgər müalicə heç bir nəticə vermirsə, son çarə süni mayalanmadır. Süni mayalanma 1981-ci ildən etibarən aparılır. Belə uşaqların normal hamiləliklə doğulan uşaqlarla müqayisədə nə anatomik, nə də zehni inkişafda fərqi olmur. Qüsur hər bir hamiləlikdə ola bilər. Ümumdünya statistikasına görə, bütün qüsurları bir yerə toplasaq, təxminən 100 qadından 96-da problem görülməz, 4 faizində uşaqda problem olma ehtimalı var. Bu problem həm süni, həm də təbii yolla olan hamilələrdə baş verə bilər. Süni mayalanma sırasında yumurtalıqlar daha çox aktivasiya olunur, toplanan hüceyrələrlə daha çox embrion, yəni rüşeym əmələ gətirilir. Uşaqlığın içinə bir rüşeymin qoyulması sırasında tutunma ehtimalını nə qədərdirsə, bir neçə rüşeym qoyulduqdan sonra tutunma ehtimalı daha artıq olur. Məhz bu səbəbdən, 2 və daha artıq embrion qoyulur. Son 3 ilə qədər dünyada uşaqlığın içinə bir neçə rüşeymin qoyulmasına icazə verilirdi ki, bu da tutan zaman əkizlərin, üçəmlərin doğulmasına gətirib çıxarırdı. Lakin son 3 ildə dünya ölkələrində çox hamiləliyin qarşısının alınması üçün, sadəcə bir rüşeym qoyulur. Misal üçün qardaş ölkə olan Türkiyədə iki rüşeymin qoyulmasına icazə verilmir. Lakin Azərbaycan qanunvericiliyində bununla bağlı qadağa olmadığından, süni mayalanma zamanı uşaqlığa bir neçə rüşeym qoyula bilər. Ölkəmizdə sığorta sistemi tam foralaşmadığı üçün ailələr süni mayalanmanı öz büdcəsi hesabına etdiyindən, ehtimalı çox olan yola əl atılır. Bu da təbii prosesdir. Əgər süni mayalanma dövlət tərəfindən tam ödənişli olsa, o zaman hər hansı qayda və şərtlər irəli sürülə bilər. Bununla şans azalsa da, sonrakı fəsadların qarşısının alma imkanları yaranardı.

Yumurtalıqların stimulyasiyası 2 həftəlik prosedurdur və menstural qanaxma dövründən başlayır. Amma onun uğurlu olma ehtimalı orta hesabla 40-45 faizdir. Yəni 100 xanıma edilirsə, onlardan 40-45 nəfərində hamiləlik ola bilər, 55-60-da isə olmaz. Bu, dünyada qəbul olunan rəqəmdir. Süni mayalanma indiki zamanda inkişafımızın ən son mərhələsidir. Əgər süni mayalanma düzgün, standartlara uyğun şəkildə aparılırsa, istənilən qədər süni mayalanma əməliyyatı keçirilə bilər. Elə ailələr var ki, 20 dəfə süni mayalanma edib alınmayıb, lakin 21-ci dəfədə hamilə qalıb.

"Bunun çox fəsadlı nəticələri ola bilər"

Ekstra- korporal mayalanmanın dini baxımdan qəbulu haqqında danışan ilahiyyatçı Hacı Adil Musayev söyləyib ki, ailə ən mühüm ictimai dəyər olmaqla yanaşı, Allahın bizlərə böyük nemətlərindəndir: "Ailənin sağlamlığı ilə yanaşı, onun halallığının qorunması ümdə məsələlərdəndir. Elm və onun nailiyyətlərindən sui-istifadə etmək, dini-əxlaqi sərhədləri, mənəvi hüdudları aşmaq olmaz. Bunun çox fəsadlı nəticələri ola bilər. Süni mayalanma dini baxımdan qəbuledilməzdir. Yeri-göyü yaradan Allahdır. Tanrı istənilən adama oğlan istənilənə qız və ya hər ikisindən verə bilər. Tanrı istədiyini sonsuz edə bilər. Allah vermədiyi təqdirdə, süni mayalanma yolu ilə övlad əldə etmək dini baxımdan günahdır. Allahın buyuruqlarından biri də odur ki, süni heç nə ilə məşğul olmaq olmaz. Tanrı buyurur ki, "bəndələrim, sizin dostunuz və yardımçınız mənəm. Yalnız məndən kömək diləyin və yalnız mən sizə kömək edə bilərəm". Bu həddi aşanlar xeyir görə bilməz. Ümumiyyətlə, süni mayalanma müsəlman dövlətlərində qəbul edilmir. Lakin qonşumuz İranda və Türkiyədə də belə əməliyyatlar aparılır".

"Qanunsuz süni mayalanma barəsində cəza nəzərdə tutulub"

Süni mayalanma ilə bağlı qanunda mövcud olan anlayışlar haqqında məlumat verən hüquq müdafiəçisi Səməd Vəkilov söyləyib ki, ümumiyyətlə süni mayalanma könüllülük prinsipi əsasında həyata keçirilən tibbi prosedurdur: "Cinayət məcəlləsinin 136-cı maddəsində qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya barəsində cəza nəzərdə tutulub. Belə ki, Məcəllənin 136-cı maddəsində qeyd olunub ki, qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsil artırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma- 500 manatdan 100 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, yuxarıda sadalananlar zamanı ehtiyatsızlıq üzündən şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurularsa, o zaman həmin şəxs min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

"Bəzən xanımların daxili inamsızlığı onları bu yola üz tutmağa vadar edir"

Psixoloq Elnarə Eminova söyləyib ki, zamanını, şəxsi həyatını karyerasına qurban verən qadınlar və ailə həyatı qurmağın gec olduğunu düşünən xanımlar süni mayalanmaya daha çox üstünlük verirlər: "Bəzən xanımların daxili inamsızlığı onları bu yola üz tutmağa vadar edir.

Elə xanımlar da var ki, onlar şəxsi münasibətlərində qarşı tərəfdən daim yalan, xəyanət, güvənsizlik gördükləri üçün belə yollara əl atır, onları həyata bağlayan bir qüvvə, stimul, motiv olsun deyə çözümü bu addımda görürlər. Belə hallarda sonrakı fəsadları da gözdən keçirmək mütləqdir. Təbii ki, süni mayalanma və təbii doğuşla dünyaya gələn uşaq arasında fərqin olması qaçılmazdır.

Ailə həyatı qurandan sonra da bir çox problemlər üzə çıxır. Bunlardan biri cinsi problemlərdir ki, ailələr bəzən məcbur olaraq bu yola əl atırlar. Ümumiyyətlə, Şərq qadınları elə tərbiyə alıblar ki, sanki evlilik üçün uşaq dünyaya gətirmək üçün konkret yaş həddi biçilib. Bu yanaşma düzgün deyil. Süni mayalanma etmək üçün tələsmək lazım deyil".

NAİLƏ MƏHƏRRƏMOVA

Digər xəbərlər