PDF Oxu

Sosial

  • 17

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Dünən 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə Səhiyyə Nazirliyində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq bütün tibb işçilərini təbrik edərək, onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzulayıb. Bu peşə bayramı Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Gününün təsis etməsi Onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Ötən bir ilə nəzər salanda, deyə bilərik ki, bu dövr Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial yönümlü siyasəti, ölkəmizdəki ictimai-siyasi stabillik, iqtisadi inkişaf sayəsində həm bütün Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu bir il olub".

O.Şirəliyev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlına böyük yer ayrılır: "Ölkə başçısı İlham Əliyevin fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən etdi. Son bir neçə ildə 600-ə yaxın tibb müəssisəsi tikilib, təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilmişdir".

Nazir çıxışında bildirib ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkəmiz üçün aktual problem olan talassemiya xəstələrinin müalicə imkanlarını genişləndirib. Hazırda bu mərkəzdə 20 minə yaxın uşaq dövlət hesabına müalicə alır.

Nazir vurğulayıb ki, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramları artıq öz bəhrəsini verir. Dövlət Proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır: "Bütün bunlar bir daha ölkə rəhbərliyini insanların salamlığına verdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Ölkəmizdə tibb işçilərinin nəcib və şərəfli əməyi həm əhali tərəfindən, həm də dövlət səviyyəsində həmişə yüksək dəyərləndirilir".

Daha sonra Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı, "Əməkdar həkim" və "Əməkdar müəllim" adları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamını diqqətə çatdırdı.

"Səhiyyə əlaçısı", "Fəxri Fərman"ları da tibb işcilərinə təqdim olundu.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər