TEZİS ƏSASINDA
Ermənistanın geriyə çəkilməkdən başqa çıxış yolu qalmayıb
Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü, əslində daha öncə keçirilən görüşlərdən bir neçə cəhəti ilə fərqlənirdi. Belə ki, bu görüşü Vyana görüşünün ardı da hesab etmək olardı. Ancaq məhz Vyana görüşündən sonra ölkə başçımızın işğal altındakı torpaqlarımızın dərhal azad olunması ətrafında irəli sürdüyü qətiyyətli fikirləri, bir daha sübut etdi ki, Azərbaycan bütün üstünlükləri əldə saxlayıb və irəli sürülən şərtlər dəyişilməzdir. Daha dəqiq desək, 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan, silahlı qüvvələrimizin üstünlüyü ilə nəticəsini taparaq tarixə "dördgünlük müharibə" kimi düşən hadisələr, eləcə də Azərbaycan Ordusunun Qarabağda mühüm strateji yüksəkliləri işğaldan azad etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi.
Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesinin uzatmaq, mövcud status-kvonu qoruyub-saxlamaq artıq heç cür mümkün deyil
Söz yox ki, məhz bu faktor da mövcud diplomatik üstünlüyümüzü kifayət qədər sübuta yetirməkdədir. Xüsusilə, məlum olaylardan sonra ATƏT-in Minsk Qrupu həmsədrləri, dünya ictimaiyyəti, bir daha əmin oldular ki, bu, "dondurulmuş münaqişə" deyil, aprel hadisələri sonrakı müddətdə yenidən alovlana, hərbi əməliyyatlar daha böyük miqyasda bərpa oluna və faktiki müharibə başlaya bilər. Mövcud vəziyyətdə Ermənistan düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilmir və son proseslər işğalçı dövlətin məğlubiyyətə doğru getdiyini isbatlayır.
Başqa tərəfdən, ATƏT-in Minsk Qrupu həmsədrləri də qəbul edirlər ki, mövcud status-kvonun davam etdirilməsi mümkün deyil və münaqişənin həlli ilə bağlı mümkün qədər tez ciddi tədbirlərin həyata keçirilməsinə başlanmalıdır. Ona görə də Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq artıq heç cür mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Nəticədə, Ermənistan daha öncələr sərgilədiyi mövqeyini dəyişmək məcburiyyətindədir və işğalçı ölkənin sözügedən məsələdə konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.
ATƏT Minsk Qrupu həmsədrlərinin son aylardakı fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir
Məhz yeni reallıq Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi qətiyyətli siyasətin məntiqi nəticəsidir. Ona görə də, digər belə bir məntiqi nəticəyə də gəlmək mümkündür ki, danışıqlar prosesinin intensivləşməsi, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşləri, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son aylardakı fəallığı aprel hadisələrindən sonra yaranmış yeni vəziyyətin elementləridir. Əlbəttə ki, burada ölkə rəhbərimizin dəfələrlə bəyan etdiyi hücum diplomatiyasının da uğurlu təsirləri mövcuddur.
Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterbirq şəhərində görüşü konstruktiv şəraitdə keçmiş, onun nəticələri müsbət qiymətləndirmişdir. Beləliklə, Sankt-Peterburq görüşü danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaranacağına inanmağa kifayət qədər əsaslı zəminlər yaratmaqdadır. Əbəs yerə deyil ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusilə də, Rusiya münaqişənin tezliklə həllinə dair ciddi iradə nümayiş etdirirlər.
Daha bir mühüm məqam isə budur ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Belə ki, mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını və gələcəkdə Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Ermənistanın isə geriyə çəkilməkdən başqa heç bir çıxış yolu qalmayıb.
Rövşən NURƏDDİNOĞLU