PDF Oxu

Sosial

  • 19

İlk piknik zonasına gələn turistlərin sayı artır

İlk piknik zonasına gələn turistlərin sayı artır

Azərbaycanda turizm sektorunun inkişafı üçün atılan addımlar, dövlət dəstəyi, bu sahədə fəaliyyət göstərən iş adamlarını yeni ideyalar və yeniliklər tətbiq etməyə həvəsləndirib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, nəticədə, ölkə vətəndaşlarına daha sərfəli və innovativ xidmətlər təklif edilir.

Yeni yay turizm mövsümündən etibarən Bakı yaxınlığında - Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində ölkədə ilk dəfə olaraq piknik zonası işə düşüb. "Qobulənd" İstirahət Mərkəzinin ərazisində fəaliyyət göstərən istirahət zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub.

İstirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan tərzdə keçirməsi üçün bütün şərait yaradılıb. Burada otel, restoran, uşaq əyləncə meydançaları, göl və balıq tutmaq üçün şərait var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır. Belə ki, mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə otura bilər. Göldən balıq tutmaq istəyənlər üçün də hər şərait yaradılıb.

Bundan əlavə, piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Burada göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasında şeytan çarxı attraksionu, voleybol meydançası və tennis, bilyard stolları da ixtiyarınızdadır.

Təşkilatçılar bildirir ki, "Qobulənd" İstirahət Mərkəzində istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrup şəklində istirahət etməyə üstünlük verənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə qrup şəklində avtobuslarla gələ bilərlər.

ZÜMRÜD

Digər xəbərlər