İlham Əliyev: "Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, tarixi hadisədir"
Yaxın tarixə nəzər salsaq, görərik ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Bu günlərdə Bakıda keçirilən "Formula-1" Avropa Qran-Pri yarışı bir daha Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və böyük nüfuz sahibi kimi qəbul olunduğunu təsdiqlədi.
Eyni zamanda, bu yarışın Azərbaycanda keçirilməsi bir daha onun əsl idman ölkəsi olduğunu sübut etməklə yanaşı, həm də bu yarış tarixə Azərbaycanın qazandığı yeni bir uğur kimi düşəcək. Təsadüfi deyil ki, Avropa Oyunları, "Formula-1" yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər, məhz Azərbaycanda keçirilir. "Formula-1"-də növbəti belə tədbirlər sırasındandır.
Aydın Mirzəzadə: "Bu yarışların keçirilməsi, ilk növbədə çox sayda turistlərin Azərbaycana cəlb edilməsinə gətirib çıxaracaq"
Möhtəbər tədbirlə bağlı millət vəkili Aydın Mirzəzadə bu yarışların keçirilməsilə ilk növbədə çox sayda turistlərin Azərbaycana cəlb edilməsinə gətirib çıxaracağını bildirib: "Üumiyyətlə, "Formula - 1" yarışı dünyanın ən reytinqli yarışlarından biridir. Başladığı 1950-ci ildən bəri bu yarış dünyanın cəmisi 27 ölkəsində keçirilib. Hər ölkənin müraciəti qəbul edilmir. Çünki bu, yüksək tələblərə cavab verməlidir. İlk növbədə, həmin ölkənin mədəniyyəti, tarixi, tursitlərin öz vaxtını keçirmək üçün müvafiq infrastruktur, eləcə də yarışların təhlükəsizliyi vacib şərtlərdən biri kimi götürülür. Təbii ki, Azərbaycanın da müraciəti böyük məmnuniyyətlə qəbul edildi. Həmçinin, bu yarışların keçirilməsi, ilk növbədə çox sayda turistlərin Azərbaycana cəlb edilməsinə, ölkəmizin hər il dünya "Formula - 1" həvəskarlarının diqqət mərkəzinə çevrilməsinə, Azərbaycanla bağlı məlumatların dünyada yayılmasına gətirib çıxaracaq. "Formula-1" yarışlarında dünya axtarış serverlərində Azərbaycan sülh, Azərbaycan-Bakı sözü ilə bağlı axtarışların sayı həddindən artıq çoxalıb. Bunun özü göstərir ki, Azərbaycan artıq diqqət mərkəzindədir. Bununla belə bu yarış Azərbaycanın öz idmançılarının yetişməsi üçün müvafiq şərait yaradacaq. Yarışlarda bir nəfər azərbaycanlı iştirak edir. Gələcəkdə onların sayının çox olması və bununla bağlı xüsusi idman qurğularının yaradılması mümkündür. Yəqin ki, bu istiqamətdə də işlər gedəcək. Həmçinin, Azərbaycan vətəndaşlarının özləri bu yarışları artıq televiziyadan deyil, canlı izləmək şansını da əldə edəcəklər. Böyük maraqla cəmiyyətimiz bu yarışları qarşıladı. Hesab edirəm ki, "Formula - 1"in Azərbaycanda keçirilməsi həm həmin yarışın ölkəmizdə populyarlaşmasına, həm də Azərbaycan haqqında informasiyanın dünyada yayılmasına xidmət edəcək".
Adil Əliyev: "Artıq paytaxtımız bu kimi yarışların keçirilməsi üçün ən ideal məkandır"
Millət vəkili Adil Əliyev isə hər keçirilən tədbirin ölkə siyasətinin inkişafına təkan verən amillərdən olduğunu bildirib. Oun sözlərinə görə, ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir: "Eyni zamanda, Azərbaycan dövləti bununla da dünyaya sülh mesajını verir. Həmçinin, bu gün Azərbaycan dünyada beynəlxalq yarışların keçirilməsi üçün ən təhlükəsiz ölkə sayılır. Keçirilən tədbirlər də bunu təsdiqləyir. "Formula-1" yarışlarının Bakı şəhərində keçirilməsi ölkəmizin beynəlxalq idman arenasında oynadığı rolu ilə əlaqədardır. Üstəlik, dünyada ölkəmizə baxış dəyişməkdədir. Çünki idman özü təbliğat vasitəsidir".
Millət vəkili onu da əlavə edib ki, ölkəmizə gələn turistlər və media mənsubları öz ölkələrində Azərbaycan haqqında hansısa məlumat verirlər: "Bu isə, Azərbaycanın tanıdılmasına böyük təsir göstərir. Hər hansı ölkədə mötəbər yarış keçirilirsə, bu, həmin ölkəyə turist axını gətirir, yəni pul kütləsi. Bəzən isə yarış maraq kəsb etmir və ölkə istədiyi nəticəni əldə edə bilmir. "Formula-1" yarışları iqtisadi cəhətdən ölkəyə nə qazandıracaq?"
A.Əliyev, eyni zamanda bildirib ki, istənilən mötəbər idman oyunları keçirilən ölkələrdə məqsəd ümumi inkişafa dəstək verməkdir: "Belə ki, "Formula-1" yarışlarına olan biletlərin 65 %-dən çoxunun xarici turistlərin payına düşməsi iqtisadi cəhətdən hesablanmış maraqlı addımdır. Həmçinin, bu yarışın Azərbaycanda keçirilməsinin Dağlıq Qarabağ münaqişəsini bizim xeyrimizə həll olunmasına və haqq səsimizin dünyaya çatdırılmasına böyük köməkdir".
Beləliklə, Azərbaycanın mədəniyyət tarixinə ən çox beynəlxalq tədbirlərin keçirilməsi dövlətimizin inkişaf göstəricisinin və xalqımızın zəngin tarixə, etnoqrafiyaya və mədəniyyətə malik olmasının təbliği şəbəkəsinin və auditoriyasının daha da genişləndirilməsi deməkdir.
RƏFİQƏ KAMALQIZI