Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrini yaradılmasının ildönümünə və aprel döyüşlərinə həsr olunmuş "Zəfərə doğru" adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olması ilə yanaşı, hərbi müstəvidə də əsas söz sahibi olduğunu bildirdi: "Müasir texnika ilə təchiz edilən, mənəvi-psixoloji cəhətdən də hazır olan ordumuzun bu gün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusu lazım gələrsə Ali Baş Komandanın tapşırığı ilə hər an işğal altında olan torpaqlarımızı azad etmək gücünə malikdir. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərlə, verdiyi tələfatlarla gördü. Düşmən anladı ki, Azərbaycan müstəqilliyinin ilk illərindəki Azərbaycan deyil. Müstəqil Azərbaycan Cənubi Qafqazın ən modern, hazırlıqlı və güclü ordusuna malikdir. Aprel döyüşləri bizə qələbənin və zəfərin ləzzətini daddırdı. Azərbaycan zəfərə doğru irəliləyir. Şuşada və Xankəndində qələbəmizi qeyd edəcəyik. Bu qələbə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90-cı illərin ortalarından müəyyən etdiyi uzaqgörən siyasi kursun məntiqi nəticəsidir".
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etdi ki, Azərbaycan Ordusu döyüş qabiliyyətinə, maddi-texniki təminatına və digər göstəricilərinə görə güclənərək, regionun ən güclü ordusuna çevrilib:"Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır və hərbi qüdrətini yüksəldir. Hər bir soydaşımız əmindir ki, Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacağıq. İnamla demək olar ki, güclü Azərbaycan dövlətinin güclü ordusu düşmən üzərində qələbə çalacaq, zəfər bayrağını Qarabağımızda dalğalandıracaqdır".
Tədbirdə çıxış edən Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi, əməkdar incəsənət xadimi Abdulla Qurbani Azərbaycan Ordusunun gücündən söz açaraq, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümünün başqa illərdən fərli bir şəkildə qeyd olunduğunu bildirdi: "23 ildən sonra işğal olunmuş Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalandı. Bu uğur Ali Baş Komandan Cənab İlham Əliyevin müdrikliyi, qətiyyəti ilə gerçəkləşdi".
Tədbir bədii hissə ilə davam etdirildi.
Nəzakət ƏLƏDDİNQIZI