PDF Oxu

Sosial

  • 31

Nardaranlılar Prezidentə güvənir və arxalanır

Nardaranlılar Prezidentə güvənir və arxalanır

Dövlət başçısının verdiyi Sərəncam bunun baniz sübutudur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionlara müntəzəm səfərləri Bakı və Bakıətrafı qəsəbələrin ildən-ilə abadlaşmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Son 12 ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır.

Bu günlərdə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bildirib ki, çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə qalmasın: "Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yeniləşməsində çox əlamətdar bir gündür, daxili yolların təmiri başa çatıb".

Dövlət başçısı onu da bildirib ki, bir müddət əvvəl Nardaran sakinləri ona müraciət edib, qəsəbəyə dəvət ediblər: "Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır. Mən çox şadam ki, bu yollar gözəl görkəm alıb. Həm Maştağa-Bilgə yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlər üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürtələ gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib".

Prezident bildirib ki, yol infrastrukturu kanalizasiya xətlərinin çəkilişi ilə uzlaşmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə də qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq ".

"Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət nəticəsində ardıcıl öz həllini tapır"

Prezident İlham Əliyev görüş zamanı bildirib ki, Azərbaycan nümunəvi tolerant ölkə olduğu üçün bütün dinlərə hörmətlə yanaşır: "Azərbaycanda məscidlər tikilir, təmir edilir. Biz çox unikal bir ölkədə yaşayırıq. Azərbaycanda bütün dinlərin nümayəndələri çox rahat yaşayır və ölkəmizin inkişafına öz töhfələrini verirlər".

Təkzibolunmaz faktdır ki, Azərbaycan hakimiyyətinin siyasəti birbaşa olaraq, vətəndaşların sosial rifah halının yaxşılaşmasına, onların yüksək səviyyəli həyat şəraitilə əhatələnməsinə, həmçinin mükəmməl təhsil almasına, sağlam, vətənpərvər yetişməsinə, hüquq və azadlıqlarının müdafiə edilməsinə istiqamətlənib.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev, həmçinin mütəmadi olaraq vətəndaşlarla dövlət məmurları arasındakı ünsiyyətin intensivləşdirilməsi, möhkəmləndirilməsi və pozitivləşməsi üçün də müvafiq fəaliyyət sərgiləyir, göstərişlərini verir: "Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır".

Deyilənlərin məntiqi nəticəsi olaraq, Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcun silinməsi ilə bağlı Sərəncam, məhz dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyir. Dövlət başçısı bildirib ki, elektrik enerjisinin ödənişində problemlər olub: "Əvvəllər elektrik enerjisindən istifadəyə görə ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir".

Əlbəttə ki, bütün bunlar vətəndaşların Prezident İlham Əliyevə inam və etibarını gücləndirməklə yanaşı, həm də iqtisadi inkişaf prosesinə təkan verir, kollektiv səmərəliliyi artırır.

Göründüyü kimi, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan vətəndaşlarının rifahı üçün səfərbər edib, Onun atdığı hər bir addım isə insanların daha yaxşı yaşamasına hesablanıb. Buna görə də Prezident İlham Əliyevin hər bir addımı insanlarda böyük ümid və gələcəyə nikbin baxış formalaşdırır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər