YAP İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə Təzəkənd kənd tam orta məktəbinin ərazi ilk partiya təşkilatı üzvlərinin, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirakı ilə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Təzəkənd kənd tam orta məktəbinin direktoru Elxan Bədəlov açaraq qeyd edib ki, geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami ordu 98 il bundan öncə formalaşdırıldığını bildirib: "Ölkədə ordu quruculuğunun əsası isə 23 il bundan öncə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyuldu. Neft sektorunun inkişafı nəticəsində bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi-Hava və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz və Quru Qoşunlarından formalaşdırıldı".
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirib ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür: "Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. İstər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirən, gənc hərbçilərin yetişdirilməsi istiqamətində konkret tədbirlər görən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hərbi kadr hazırlığı və beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırıldı".
Rayon təşkilatı sədri çıxışında onu da bildirib ki, Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Aprel ayının əvvəllərində dörd günlük müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Azərbaycan Ordusunun nəyə qadir olduğunu sübut etdi.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Hacalı Səlimov, Qarabağ veteranı, Qırmızı Bayraq ordenli Eynulla Bağırov, partiya veteranı, məktəbin təşkilatçısı Ağalar Bədəlov və başqaları qeyd ediblər ki, Ermənistan son günlərdə yaşadıqlarını heç vaxt unutmayacaq. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları ilə ermənilərin Dağlıq Qarabağı Azərbaycandan birdəfəlik qopartmaq illüziyasına da son qoyuldu. Bildirilib ki, son hadisələr Azərbaycan dövlətinin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi.
ZÜMRÜD