Zəngin mədəniyyətə və qədim tarixə malik olan Naxçıvan torpağı Azərbaycanda maarifçiliyin və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib.AZƏRTAC xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən kitabxana işçilərinin zona müşavirəsində səsləndirilib.Müşavirədə muxtar respublika tabeli kitabxanaların, Naxçıvan şəhəri, Babək, Şahbuz rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova kitab mədəniyyətinin inkişafında kitabxanaların özünəməxsus rolu olduğunu bildirib. Eyni zamanda, görkəmli ziyalılarımızın şəxsi kitabxanaları da xalqın maariflənməsində xüsusi rol oynayıb.Müstəqillik illərində muxtar respublikada gedən mədəni yüksəlişin kitabxanalara da öz təsirini göstərdiyini deyən Natəvan Qədimova, muxtar respublikanın kitabxanalarının qayğı ilə əhatə olunduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il aprelin 19-da imzaladığı Sərəncam ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, burada elektron kitabxana yaradılıb. Hazırda muxtar respublikada 2 muxtar respublika tabeli kitabxana, 8 mərkəzləşdirilmiş kitabxana sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb.Qeyd olunub ki, zona müşavirəsinin əsas məqsədi kitabxana işi ilə bağlı problemləri müzakirə etmək, nöqsanları aradan qaldırmaq, kitabxana işində çalışan işçilərə elmi-metodik kömək göstərməkdir. Asudə vaxtın düzgün qurulmasında kitabxanaların rolu, belə mədəniyyət müəssisələrinə oxucu cəlbi, kitab müzakirələrinin, mütaliə, kitabxana və nağıl günlərinin təşkili, mütaliə mədəniyyəti, kitabxana-oxucu münasibətləri, kitabxana işində qarşıya çıxan çətinliklər, kitabxana xidməti və bir çox məsələləri ətraflı təhlil etmək, işi düzgün qurmaq hər kəsi düşündürməlidir. Kitabxana işçilərinin zona müşavirəsi işin düzgün qurulmasına kömək edəcək və kitabxana işinin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynovanın, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədovun, Babək və Şahbuz Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri Ceyhun Fərəcovun və Sabiq İmanovun mövzu ilə bağlı çıxışları olub.Müşavirədə kitabxanalarda işin canlandırılması üçün təcrübəli kitabxana işçilərinin təklifləri dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.Kitabxana işçilərinin zona müşavirəsinə yekun vuran mədəniyyət və turizm naziri Natəvan Qədimova qarşıda duran vəzifələrdən danışıb.
AZƏRTAC