Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL 2) çərçivəsində Bərdə rayonunun Qazaxlar kəndində həyata keçirilən "Südtoplama və süd emalı müəssisəsinin quraşdırılması" layihəsinin açılışı olub.AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dünya Bankının "AzKİL 2" üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen, "AzKİL 2"nin direktor müavini və icma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Qarabağ zonası üzrə Proqram Mütəxəssisi Əbülfət Əhmədov, kənd sakinləri, eləcə də layihənin Bakıdan və regionlardan olan işçi heyəti iştirak edib.Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "AzKİL 2" çərçivəsində həyata keçirilən layihələrdən danışıblar. Bildirilib ki, Azərbaycanda 10 ildən çox müddətdə fəaliyyət göstərən AzKİL 1700-dən çox sosial və iqtisadi infrastruktur layihələri həyata keçirib.Diqqətə çatdırılıb ki, heyvandarlığın inkişaf etdiyi Qazaxlar kəndinin sakinləri təsərrüfatlarında əldə etdikləri südü rayon mərkəzində və qonşu Ağcabədi rayonunda yerləşən südtoplama məntəqələrinə aparırdılar. Bu da məsafənin uzaq olması səbəbindən artıq xərclərə və südün keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Odur ki, icmada südtoplama və süd emalı müəssisəsinin quraşdırılmasına ehtiyac var idi. "AzKİL 2"nin dəstəyi ilə həyata keçirilən "Südtoplama və süd emalı müəssisəsi" layihəsi çərçivəsində kənddə 1 ədəd 3 otaqlı bina talvarı ilə tikilərək avadanlıqlar quraşdırılıb. Layihədən Qazaxlar icması ilə birlikdə qonşu icmalar və fermerlərin də faydalanacağı gözlənilir.Çıxış edən kənd sakinləri layihənin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.Tədbirdə müxtəlif kənd təsərrüfatı məhsulları, həmçinin Bərdənin keçmişini və bu gününü əks etdirən əşyalar sərgilənib.
AZƏRTAC