İclasda 9 məsələdən 3-ü müzakirələrdən çıxırıldı
Dünən Milli Məclisin növbədənkənar son plenar iclası keçirildi. İclasın gündəliyində 9 məsələ olsa da, 3 məsələ müzakirələrdən çıxarıldı.
Parlamentin spikeri Oqtay Əsədov bildirdi ki, günədlikdə olan son - Mülki Prosessual Məcəlləsində, "İcra haqqında" qanununa və Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisə Ali Məhkəmə tərəfindən təqdim edilsə də, hazırda layihələr üzərində iş aparılır. O.Əsədovun sözlərinə görə, sözügedən layihələr cari ilin oktyabr ayında, yəni Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Oqtay Əsədov Zahid Orucla bağlı tapşırıq verdi: "Ölçü götürülsün"
İclasda gündəliyin birinci - "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı millət vəkili Zahid Oruc çıxışı zamanı bildirdi ki, Britaniyada Avropa İttifaqından çıxmaq xətti qalib gəldi: "Fikrimcə, Devid Kameron istefa verə bilər. Avropa İttifaqının gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt sterlinq 1,35-ə düşüb. Eləcə də avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, taksi-fri siyasətinə diqqətlə yanaşmaq lazımdır".
Z.Oruca cavab olaraq spiker O.Əsədov bildirdi ki, taksi-fri dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa İttifaqına nə dəxli var axı?"
Spikerin bu fikirlərinə Zahid Oruc yerdən öz etirazını bildirdi, bu isə qarşıdurma yaratdı.
O.Əsədov isə Z.Orucu sakit olmağa dəvət etdi: "Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. "Tax free"nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən səsini kəsmədin. Sən gündəlikdən danış. Hər dəfə temadankənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın, səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz".
Z.Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd etdi.
Siyavuş Novruzov: "Biz 90-ci illərin parlamentində deyilik. Böyük-kiçik məsələsi var"
Bundan sonra çıxış edən YAP İcra katibinitn müavini, millət vəkili Siyavuş Novruzov həmkarını səbrli və sakit olmağa çağırıb. O bildirdi ki, çıxış edənlər çıxışını bitirəndən sonra yerindən danışmağa ehtiyac yoxdur: "Spikerin də məsələlərə müdaxiləetmə hüququ var. Biz 90- ci illərin parlamentində deyilik. Böyük-kiçik məsələsi var. Adətən, görmüşdük ki, böyük danışanda, kiçik qulaq asar".
Millət vəkili Cavid Qurbanov da həmkarına səsləndi: "Mən istərdim ki Zahid Oruc sözlərini geri götürsün. Yəqin o, mənim sözümü eşidər".
Sonra spiker Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevə millət vəkili Z.Orucun Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırdı.
Parlament tətilə getdi
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Millət vəkilləri iclasda 6 məsələ ətrafında müzakirə apardılar. Qanun layihələrinin hər biri səsə qoyularaq, qəbul edildi.
Sessiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşdı.
RƏFİQƏ KAMALQIZI