PDF Oxu

Sosial

  • 23

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixindən 98 il ötür

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranma tarixindən 98 il ötür

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günüdür. Həmin tarixdən 98 il ötür. 1918-ci ildə yenicə müstəqilliyini elan etmiş Azərbaycan ilk Milli Ordusunu yaratdı və ilk milli ordu hissələrini formalaşdırmağa başladı. Təəssüf hissi ilə bildirək ki, 1920-ci ilin aprelində Azərbaycan sovetlər tərəfindən işğal edildikdən sonra milli ordu ləğv edildi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilir, nizami orduya ehtiyac var idi. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkədə ordu quruculuğu prosesinin başlanğıcını qoydu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.

SİLAHLI QÜVVƏLƏRİN MÜKƏMMƏL QANUNVERİCİLİK BAZASI YARADILDI

1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradıldı. Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi olaraq 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Məhz Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Prezidentinin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi-Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu gün müasir Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadiq qalaraq Milli Ordunu regionun ən güclü ordusu səviyyəsinə yüksəldib.

"BU GÜN AZƏRBAYCAN ORDUSUNDA OLAN TEXNİKA ƏN GÜCLÜ ORDULARDAN DA GERİ QALMIR"

Müasir dövrümüzdə ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Milli Ordumuz işğal olunmuş torpaqlarımızı azad etməyə hazır və qadirdir. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq gücündədir. MDB çərçivəsində Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Prezidenti İlham Əliyevin "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır"-fikrini ifadə etməsi, məhz bu gerçəkliklərdən qaynaqlanır.

Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə son illər ərzində böyük işlər görülüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərib. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik odumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".

Bu gün torpaqlarının 20 faizi işğalda olan Azərbaycan üçün ordu qurculuğu, ordunun daha da möhkəmlənməsi zəruridir. Bəli, belə bir şəraitdə ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır. Azərbaycan Prezidentinin hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların təltif edilməsi, hərbi qulluqçulara ali hərbi rütbələrin verilməsi barədə imzaladığı sərəncamlar silahlı qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Hərbçilərin sosial məsələlərinin və məişət problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır.

AZƏRBAYCAN İŞĞALÇI ÖLKƏYƏ, HAVADARLARINA GÖSTƏRDİ Kİ, GÜCLÜ ORDUMUZ İSTƏNİLƏN AN ERMƏNİ QƏSBKARLARINDAN TORPAQLARIMIZI AZAD EDƏ BİLƏR

Qeyd edək ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və heç şübhəsiz ki, belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Günün müxtəlif vaxtlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır.

Cari ilin aprel ayının əvvəllərində dörd günlük müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərinə dözməyən Ermənistandakı hərbi hissələrin komandirlərindən biri olan generalın özünü güllə ilə vuraraq, öldürməsi erməni əsgərlərinin döyüş zamanı silahlarını ataraq, geri qaçması səbəb idi. Çox gücsüz və zəif olan Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusunda döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı. Respublikanın hər yerində igid Azərbaycan əsgərlərinə dəstək aksiyaları keçirilirdi. Bunun əksi olaraq isə erməni "xalq"ı onsuz da Azərbaycan Ordusunun qələbəsi qarşısında çaş-baş qalan dövlətə qarşı aksiya keçirdi. Azərbaycan xalqının sərgilədiyi yüksək vətənpərvərlik, həmrəylik və birlik nümayişi düşmənin və bütün havadarlarının iradəsini və ruhunu öldürdü. Qərb cəbhəsində bütün üstünlüklər qüdrətli ordumuzun yüksək döyüş hazırlığı, çevikliyi və potensial hərbi bacarığı nəticəsində təmin olundu. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərdi ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını istənilən an məhv etmək imkanına malikdir.

Azərbaycan nəyə qadir olduğunu bir daha ortaya qoymuş oldu. Düşmən tərəf ordumuzun qüdrətini gördü. Ermənistan tam anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcəklər.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz daha da inkişaf edir və təkmilləşir. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq gücündədir.

Təbii ki, silahlı qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaqdır.

Bəli, bu gün silahlı qüvvələrimiz 98-ci ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasəti, Azərbaycan Ordusundakı ruh yüksəkliyi və əsgərlərimizin vətənpərvərlik hisslərinin yüksək olması yaxın gələcəkdə ÜÇRƏNGLİ BAYRAĞIMIZIN QARABAĞDA DALĞALANACAĞINDAN xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər