Binəqədi rayonunda icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş "Qarabağ Dastanı" layihəsinin yekun tədbiri keçirilib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP-ın Sədr müavini Əli Həsənov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" ictimai birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Mahir Abbaszadə, Bəxtiyar Əliyev, İmamverdi İsmayılov, Flora Qasımova, Elman Məmmədov, Madər Musayevin iştirak etdiyi tədbir canlı orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva tədbir iştirakçılarına "Qarabağ Dastanı" layihəsi haqqında geniş məlumat verib.
"Qarabağ Dastanı" tamaşasında Qarabağ torpağının Azərbaycana bəxş etdiyi Ağabəyim ağa, Aşıq Dirili Qurbani, Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov, Qaçaq Nəbi, Pənahəli xan, Mirzə Camal bəy kimi tarixi qəhrəmanlardan, şəxsiyyətlərdən bəhs olunub.Tədbir zamanı Qarabağ mahalının bir-birindən gözəl, cənnətdəki İrəm bağlarını xatırladan Xankəndi, Xocalı, Şuşa, Ağdərə, Əsgəran, Xocavənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl kimi obalarımızın gözəlliyi Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağanın dilindən səsləndirilib.
Tədbirin sonunda 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə bir sıra hərbi qulluqçular, həmçinin "Qarabağ Dastanı" layihəsinin ssenari müəllifi və musiqi tərtibatçıları, eyni zamanda bu layihədə yer tutmuş məktəblərin kollektivləri mükafatlandırılıblar.
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək, tədbirdə iştirak edən şəhid ailələri, əsgərlər, valideynlər, layihədə iştirak edən müəllimlər və şagirdlərə, gənclərə və rayon ictimaiyyətinin nümayəndələrinə öz təşəkkürünü bildirib. Natiq vurğulayıb ki, Azərbaycan Ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir: "Hər bir şəhidimiz bizim üçün əzizdir. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burda cəbhədən uzaq olsaq da, hər birimizin fikr və duası əsgərlərimizlədir. Hazırda güclü dövlətimiz, Ali Baş Komandanın, Cənab Prezidentin bir əmri ilə irəli getməyə hazır olan rəşadətli ordumuz var".
Baş nazirin müavini Əli Həsənov tədbirə yekun vuraraq, layihə çərçivəsində ərsəyə gələn tədbirlə bağlı təəssüratlarını bölüşərək, Azərbaycanın öz tarixinə sahib çıxdığını, milli- mənəvi dəyərlərinə sadiqliyini və güclü dövlətçilik ənənələrinə malik olduğunu bildirib.
ZÜMRÜD