PDF Oxu

Sosial

  • 18

"Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I Beynəlxalq Dəyirmi Masa keçirilib

"Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I Beynəlxalq Dəyirmi Masa keçirilib

Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda I Beynəlxalq Dəyirmi Masa keçirilib.

Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayev açaraq, BBMM-in fəaliyyətindən danışıb: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti bütövlükdə Azərbaycan mədəniyyətini, multikultural və tolerant siyasətini, Azərbaycan cəmiyyətinin müxtəlif istiqamətdə inkişaf meyillərini, tarixən xalqımıza xas olan multikultural dəyərləri və eyni zamanda dünya mənəvi, mədəni və multikultural xəzinəsindən də müəyyən dəyərləri əxz edərək, Azərbaycan multikultural məkanı ilə müqayisə etmək, özümüz üçün müəyyən nəticələr çıxarmaq və gələcək inkişaf yollarımızı daha aydın, daha qətiyyətlə görmək imkanlarını araşdırmaq, ideologiyamızın və siyasətimizin mühüm komponentinə çevirməkdən ibarətdir. BBMM-in Azərbaycan multikulturalizminin ölkə və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində bu gün adıçəkilən fənn ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir".

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov "Terror multikulturalizmə qarşı" layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib və bu dəyirmi masanı dünya miqyaslı bir sıra gərginliklərə cavab tapmaq yolunda uğurlu bir addım kimi dəyərləndirib. Y.Mahmudovun moderatorluğu ilə təşkil edilən "Erməni terroru: mahiyyəti və tarixi" adlı paneldə Oleq Kuznetsov "Transmilli erməni terrorizminin etnokonfessional qaynaqları", Maykl Günter "Həqiqət və saxtakarlıq: "erməni soyqırımı" həqiqəti və soyqırımı məsələsi", Şöhrət Salamov "Erməni terrorizmi: Kiçik Asiyadan Mərkəzi Asiyaya qədər", siyasi analitik Əli Hacızadə "Qondarma "erməni soyqırımı"- erməni terrorunun əks üzüdür" mövzusunda məruzələrlə çıxış ediblər.

Azərbaycanda "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayevin moderatorluğu ilə keçirilən paneldə "Erməni terroru Azərbaycan kürdlərinə qarşı", "Azərbaycanlı kürd ailəsi Çıraqovların timsalında erməni terrorunun qurbanları", "XX əsrdə Qərbi Azərbaycanda erməni siyasi dairələrinin kürdlərə qarşı terror, repressiya və deportasiyalar siyasəti", "Birinci Dünya müharibəsi dövründə kürdlərə qarşı "Daşnaksütyun" partiyasının soyqırımı cinayətləri", "1916-1918-ci illərdə Şərqi Anadolu, İrəvan və Urmiya bölgələrində ermənilərin kürdlərə qarşı törətdiyi soyqırımı" mövzusunda məruzələr dinlənilib.

Professor Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçirilən "Erməni terrorunun hüquqi və mənəvi ölçüləri" adlı paneldə "Terrorun milləti varmı?", "Mənəvi terror: qeyri-maddi və maddi- mədəni irsə qarşı", "Erməni millətçilərinin Qarabağın Alban məbədlərinə qarşı mənəvi terroru", "Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri" mövzusunda məruzələr dəyirmi masa iştirakçılarının marağına səbəb olub, panel mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun moderatorluğu ilə keçirilən növbəti paneldə ölkədə və xaricdə rus, ingilis və Azərbaycan dillərində erməni terrorunun öz əksini tapdığı yeni nəşrlərin təqdimatı keçirilib.

İyunun 29-da I Beynəlxalq Dəyirmi Masanın iştirakçıları və qonaqlar Solmaz Rüstəmova-Tohidnin bələdçiliyi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.

NƏZAKƏT

Digər xəbərlər