Nəsimi rayonunun müxtəlif yaşayış sahələrində İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal alıb. Növbəti belə bir tədbir rayonun 3-cü mikrorayon ərazisində yerləşən "Qold Baku" Şadlıq Sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibə veteranları, əlilləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl Əlilləri və aztəminatlı ailələr - ümumilikdə 400 nəfərin iştirakı ilə keçirilib.Mərasimdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edənləri salamlayaraq, qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Rayon rəhbəri ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini, Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmləndiyini, bir çox məscid və dini ibadət yerlərin əsaslı təmir olunduğunu vurğulayıb.
Ü.ƏSGƏROV