Elşad Mirbəşiroğlu: "Serj Sarkisyan fikirləri və addımları ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq mövqeyi tutmaqdadır"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən problem dondurulmuş qalmaqdadır. İşğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qəbul olunan BMT qətnamələrində açıq-aydın göstərilir ki, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Nəzərə almaq lazımdır ki, MDB məkanının da buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Eyni qərarı digər nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən ATƏT və AŞPA-da qəbul edib. Ancaq Ermənistan beynəlxalq birliyə qarşı çıxmaqla, Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam edir. Bütün bunlar Azərbaycanı sərt tədbirlər görməyə məcbur etməkdədir. Artıq aprel döyüşləri zamanı Azərbaycan Ermənistana az da olsa qulaqburması verə bildi. Məhz aprel döyüşlərindən sonra prezidentlərin Vyana və Sank-Peterburq görüşünün keçirilməsi Dağlıq Qarbağ münaqişəsinin sülh yolu ilə həllinə ümidləri artırıb. Bunu Sarkisyan rejiminin susqunluq göstərməsi də təsdiqləyir. Həm də, onların tez-tez işğal altında olan Azərbaycan torpaqlarında peyda olmaları və sülhə yaxın olan fikirlər səsləndirmələri də Ermənistanın torpaqları azad etməkdən başqa çıxış yolunun qalmadığını göstərir. Bu arada yayılan məlumatlara görə, Ermənistan prezidenti və xarici işlər naziri işğal olunmuş Azərbaycan ərazilərinə gedərək, orada qondarma rejimin rəhbərliyi ilə müşavirə keçirməyi planlaşdırır. Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan prezidenti və digər vəzifəli şəxslər dəfələrlə qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərləri ilə görüşlər keçiriblər: "Bu da ondan xəbər verir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalıb. Yəni Ermənistan yenə işğalçılıq siyasətini həyata keçirməkdədir. Digər bir məqam isə ondan ibarətdir ki, Serj Sarkisyan dəfələrlə Dağlıq Qarabağın danışıqlar prosesində ayrıca bir tərəf kimi iştirakını istəyir. Amma eyni zamanda, öz hərəkətləri ilə gərgin vəziyyət yaradır. Yəni göstərir ki, burada qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərəf kimi çıxış etməsinin heç bir əsası yoxdur. Konkret olaraq, aydın şəkildə hamı tərəfindən dərk edilir ki, bu Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətinin mahiyyətidir".
E.Mirbəşiroğlu onu da bildirdi ki, Ermənistan rəhbərliyi əlindən gələni edir ki, status-kvo vəziyyətini saxlasın: "Nə qədər ki, işğalçı ölkəyə qarşı dünyanın güclü dövlətləri tərəfindən ciddi təzyiqlər edilməyəcəksə o vaxta qədər də Ermənistan özünü cəzasızlıq şəraitində hiss edərək, işğalçılıq siyasətini davam etdirəcəkdir. Ümumiyyətlə, Ermənistan prezidentinin, konkret olaraq, atdığı hər bir addım, səsləndirdiyi hər bir fikir münaqişə vəziyyətinin maksimum saxlanılmasına xidmət edir. Serj Sarkisyan isə fikirləri və addımları ilə beynəlxalq ictimaiyyəti çaşdırmaq mövqeyini tutmaqdadır. Yəni Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Ermənistanın hər hansı bir konstruktiv addımının gözlənilməsi inandırıcı deyil. Beynəlxalq ictimaiyyət, məhz bu məsələyə bu prizmadan yanaşaraq, daha praqmativ mövqe nümayiş etdirməlidir".
"Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərində müşavirə keçirmək məsələsinin arxasında Rusiyanın müəyyən təsiri dayana bilərmi" sualına cavab olaraq, politoloq qeyd etdi ki, hesab etmirəm ki, Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində müşavirə keçirmək məsələsinin arxasında Rusiyanın müəyyən təsiri dayana bilsin: "Çünki son zamanlar, müşahidə etdiyimiz mənzərədən biri də ondan ibarətdir ki, Ermənistanda anti-Rusiya meyilləri güclənməkdədir. Əksinə, Sarkisyan hakimiyyəti cəmiyyətdə anti-Rusiya meyillərinin gücləndirilməsində maraqlıdır. Ümumiyyətlə, erməni xalqı hər zaman dönük xalq olub. Yəni hər zaman onu himayə edənə qarşı çıxıb. Bu baxımdan, Rusiyanın Ermənistan üçün etdiklərinə baxmayaraq, Ermənistanda yenə də istər hakimiyyət səviyyəsində, istərsə də cəmiyyət səviyyəsində anti-Rusiya meyilləri güclənməkdədir. Sarkisyanın bu addımları əksinə, Rusiyanın hazırkı mövqeyi ilə ziddiyyət təşkil edir. Bildiyiniz kimi, Rusiya regionda özünün mövqeyini qoruyub- saxlamağa çalışır. Bu baxımdan da, genişmiqyaslı müharibənin baş verməsini heç bir halda istəmir. Ermənistan prezidentinin addımları isə provakasiya xarakterli addımlardır".
GÜLYANƏ