PDF Oxu

Sosial

  • 25

Xızı rayonuna press-tur başa çatıb

Xızı rayonuna press-tur başa çatıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə Xızı rayonuna press-tur keçirilib.

Media və turizm şirkətlərinin nümayəndələri turun ilk günü sağlamlıq mərkəzi ilə tanış olublar. Bildirilib ki, mərkəzdə müasir avadanlıqlar quraşdırılmış 16 vanna otağı fəaliyyət göstərir. Xəstələrin tam müalicə kursu və asudə vaxtlarının maraqlı keçməsi üçün hər cür şərait yaradılıb.

Press-tur çərçivəsində "Azərbaycanda turizmin tarixi və inkişaf meyilləri və perspektivləri" mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev son illərdə ölkəmizdə turizm sənayesinin, xüsusilə də sağlamlıq turizminin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb.

Sağlamlıq mərkəzinin layihə rəhbəri Araz Qədimzadə çıxışında müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanın dilbər guşələrindən birində yerləşən "Cənnət bağı" İstirahət Mərkəzinin nəzdində, maralçılıq təsərrüfatı yaradılıb.

A.Qədimzadə qeyd edib ki, Altay maralının buynuzlarından hazırlanan pant vannaları vasitəsilə müalicə üsulları geniş yayılıb: "Biz də istədik ki, ölkəmizin vətəndaşları elə öz vətənimizdə bu müalicə üsullarından yararlana bilsinlər. Bu məqsədlə "Altay maralı" Sanatoriya tipli Sağlamlıq Mərkəzi 2015-ci ilin may ayından etibarən fəaliyyətə başlayıb".

Xızı rayonu Mədəniyyət və Turizm Şöbəsinin müdiri Möhsün Bağırov rayonda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu bildirərək, qeyd edib ki, əsrarəngiz təbiəti olan bu məkana turizm sahəsinə göstərilən diqqət sayəsində ildən-ilə turist axını artmaqdadır.

Sağlamlıq mərkəzinin həkimi Zahir Kərimov burada həyata keçirilən müalicə prosesindən danışıb.

Press-tur başa çatdıqdan sonra media və turizm şirkətlərinin nümayəndələri Xızıdan xoş təəssüratlarla ayrılıb.

ZÜMRÜD

Digər xəbərlər