Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda müqəddəs Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib
Azərbaycan Respublikası Milli Məclisi Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi, Nizami rayon icra hakimiyyəti və YAP Nizami rayon təşkilatı birgə Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda müqəddəs Ramazan bayramı münasibətilə bayram tədbiri keçirib. Pansionat sakinləri qonaqları özlərinin əl işləri ilə tanış etdikdən sonra Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru, əməkdar müəllim Qətibə Əsədova yaradılan şəraitlə bağlı məlumat verib.
Çıxış edən Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ahılları Ramazan bayramı münasibətilə təbrik edib və qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin sosial siyasət kursunda ölkəmizdə ahıl insanların dövlət qayğısı ilə təminatı, onların maddi və mənəvi tələbatlarının ödənilməsi mühüm yer tutub: "Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ahıl vətəndaşların sosial müdafiəsi daha da gücləndirilib."
"Bu gün tədbir keçirdiyimiz bu müasir pansionat da, məhz Cənab Prezident İlham Əliyevin göstərişilə təmir edilib" - deyən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, burada yaradılan şərait bir daha ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova isə vurğulayıb ki, pansionatda yüksək şərait yaradılıb və burada yaşayan insanların əhval-ruhiyyəsi çox yaxşıdır: "Bu, dövlətimizin həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, vətəndaşlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşılaşması üçün istifadə edilsin, o cümlədən qayğıya ehtiyacı olan insanlar diqqət mərkəzindən kənarda qalmasınlar".
Pansionat sakinləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra bayram süfrəsi açılıb.
Tədbir Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin üzvlərinin pansionat sakinləri üçün oxuduğu mahnılar, səsləndirdiyi musiqilər və şeirlərlə davam etdirilib.
R.HÜSEYNOVA