PDF Oxu

Sosial

  • 24

Azərbaycan sülh və əmin-amanlıq şəraitində Ramazan bayramını qeyd edir

Azərbaycan sülh və əmin-amanlıq şəraitində Ramazan bayramını qeyd edir

Sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşayan Azərbaycan mövcud olan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrildiyindən bu gün ölkəmiz dini tolerantlığın ünvanı olaraq da dünyada tanınır. Müxtəlif dini mənsubiyyətə malik insanların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss etməsi də Azərbaycanda tolerantlıq mühitinin əsas göstəricisidir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində reallaşıb. Azərbaycanda dövlətin dəstəyi ilə sinaqoqlar, məscidlər, kilsələr tikilib, bərpa olunub və bu, davam etməkdədir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayır və hüquqları tam təmin edilir, müqəddəs hesab olunan milli-dini bayramların keçrilməsinə yüksək şərait yaradılıb.

Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan bayramı da bu gün böyük sevinclə qeyd edilir. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldu. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə bildilər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanırdılar ki, bu gün də Orucluğun sınaqlarından alnıaçıq çıxan insanlar bu bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev hər il olduğu kimi bu il də müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir ki, müqəddəs kitabımız "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir:"Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır".

Ramazan ayı insanların sağlamlığına vəsilə olmaqla yanaşı, əxlaqi dəyərlərin də saflaşması və möhkəmlənməsi baxımından vacib əhəmiyyət kəsb edir. Orucluq təqvimdə bir ay qədər qısa bir zamanı çevrələsə də, onun gətirdiyi mənəvi zənginlik ölçüyəgəlməzdir. İnsanın müəyyən zaman çərçivəsində nəfsinə hakim olması onun mənəvi dünyasına ciddi təsir göstərir, sosial məsuliyyətini daha da artırır.

Ramazan bayramı Ramazan ayının sonunda, Orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır ki, həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük sevinc hissi ilə yola salır.

Ramazan bayramınız mübarək!

NƏZAKƏT

Digər xəbərlər