Faktlar və sübutlar
Müdrik insanların dəfələrlə söylədiyi "Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur" -ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək, düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə etdilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ordu Günündə Qarabağ mövzusunda səsləndirdiyi fikirlər, danışıqlara dair bəzi mühüm detalları açması Ermənistan prezidenti Sarkisyanda qorxu xofunu daha da artırıb, ciddi təlaş doğurub. Azərbaycan dövlət başçısının, xüsusən də, təmas xəttində insidentlərin araşdırılması mexanizmləri haqda söylədiyi fikirlər işğalçı ölkədə, haradasa müharibə sifarişi kimi dəyərləndirilib.
Əslində, Azərbaycan Prezidenti, həqiqətən "müharibə" sözünü işlətməyib. Ancaq məntiqlə Bakı insidendlərin araşdırılması mexanizmlərini rədd edirsə, onun mümkün saymırsa, bu, elə işğal altındakı əraziləri boşaltmayacağı təqdirdə, işğalçıya müharibə mesajıdır ki, var.
Prezident İlham Əliyev, həmçinin Ermənistanı düz yola səsləyib: "Ermənistan aprel ayındakından daha sərt şəkildə cəzalanmasını istəmirsə, müharibə arzulamırsa, əsgərlərinin ölməsini istəmirsə, yolu çoxdan bəlli - əraziləri qeyd-şərtsiz boşaltmaq və ya boşaltmağa başlamaq. Əks halda, nə vasitəçilərə şikayət, nə də separatçı qurumun tanınması Ermənistanı xilas etməyəcək".
İqor Muradyan: "Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb"
Siyasi şərhçi İqor Muradyan Ermənistanın işğal etdiyi torpaqları qaytarmaqdan başqa yolu olmadığını deyir: "Uzun illər ərzində ardıcıl olaraq Qarabağın qaytarılması planını müzakirə etdikdən sonra onu qaytarmamaq qeyri-mümkündür. Müasir dünyada bu, mümkün deyil".
İqor Muradyan Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının təmsilçisi Ermine Naqdalyanın Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana məxsus olması və nə vaxtsa qaytarılcağı barədə səsləndirdiyi ifadəni də xatırladır: "Ermənistanın indiki və keçmiş hakimiyyəti dəfələrlə xatırladıb ki, Aran Qarabağın torpaqları bizə məxsus deyil. Görünür, əraziləri qaytarmaq üçün daha əlverişli vəziyyətin təqdim olunmasını gözləyiblər. Ermənistan hakimiyyətinin bizə məxsus olmayan torpaqları geri qaytarmaq istəyib-istəməməsi ilə bağlı sual artıq qapanıb".
Şərhçi Ermənistanın işğal etdiyi əraziləri əlində saxlamağa qadir olmadığını da vurğulayıb: "Yerevan kontoru (Ermənistan hakimiyyəti - red.) artıq Qarabağı əlində saxlaya bilmir. Amma hətta saxlaya bilirsə belə, Ermənistan strategiyanı kardinal şəkildə dəyişməsə, mövcudluğunu qoruya bilməyəcək. Təəssüf ki, hər şeyi 2016-cı ilin yazının əvvəlinə kimi etmək mümkün idi. Müharibə, sadəcə uduzulmayıb, həm də tarixən uduzulub".
Ermənistan parlamentində şok etiraf
İşğalçı ölkədə yaranmış vəziyyətdən çıxış yolunun sözügedən məsələnin Ermənistan parlamentində də müzakirəyə çıxarılmasını deyən siyasi ekspertlər bildiriblər ki, bununla reallığı anlamaq olar: "Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir".
Siyasi politoloqların sözlərinə görə, Ermənistan parlamentində səslənən bu açıqlama tək ermənilərin ali qanunverici məclisində yox, cəmiyyətdə və mediada "bomba partlayışı" effekti yaradıb. Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərinə ermənilərin heç bir hüququnun olmaması barədə etiraf isə Ermənistan parlamentinin vitse-spikeri, iqtidarda olan Ermənistan Respublika Partiyasının funksioneri Ermine Nağdalyan tərəfindən səslənib və bildirib ki, Dağlıq Qarabağın statusu və gələcəyi ilə bağlı danışıqlar qaçılmazdır: "Ona görə referendum keçiriləndə, statsusla bağlı qərar qəbul olanda və dünya birliyinin də qarabağlı ermənilərin dövlət müstəqilliyini tanıması üçün konkret addımlar atmağa başlayanda, deməliyik ki, hüququmuz olmayan torpaqları istəmirik. İndi əlimizdə, nəzarətimizdə olan o torpaqlara heç bir hüququmuz yoxdur".
Göründüyü kimi, artıq erməni xalqı da anlayır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bir də onu da anlayır ki, Azərbaycanın güclü Lideri və sarsılmaz ordusu var. Çünki güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".
A.SƏMƏDOVA