Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva müqəddəs Ramazan bayramı münasibətilə rayonun Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, böyük vətən müharibəsi veteranları, ağsaqqalları, fəalları və aztəminatlı ailələri ilə görüşüb.
Sədaqət Vəliyeva onları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədrinin I müavini Əlsafa Quliyev, İctimai Birliyin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və başqaları ölkəmizdə bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb, onlara dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıblar.
Növbəti görüş Respublika Veteranlar Təşkilatının və Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbələrində keçirilib. Deputat Sədaqət Vəliyeva veterenları, ağsaqqalları və ağbirçəkləri, onların ailələrini bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Çıxış edən Yəhya Ağayev, Mail Əliyev və başqaları onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.
Deputat Sədaqət Vəliyeva həmin gün rayonun ictimai həyatında aktiv rol oynayan sakinlərilə də görüşüb. Sakinlər Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevə və ölkənin Birinci Xanımı Mehriban Əliyevaya yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
R.KAMALQIZI