Turizmin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir. Bununla əlaqədar, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində 2004-cü ildən başlayaraq respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil olunur.Təlim kursları əsasən, 4 istiqamət üzrə "Mehmanxana idarəçiliyi", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" sahəhələrini əhatə edir. Bu kursları müvəffəqiyyətlə bitirmiş mehmanxana sənayesi nümayəndələrinə sonda müvafiq sertifikatlar təqdim edilir. Bu günə kimi 2067 nəfər bu sertifikatlara layiq görülmüşdür.Qeyd edək ki, cari ilin 24-31 may tarixlərində Gəncə, 2-9 iyun tarixlərində isə Lənkəran şəhərində belə kurslar keçirilmişdir.Gəncə şəhərində keçirilən kurslarda Gəncə ilə yanaşı, Mingəçevir, Naftalan şəhərləri, Şəmkir və Göygöl rayonlarında fəaliyyət göstərən mehmanxanaların nümayəndələri (90 nəfər), Lənkəran şəhərində təşkil olunan kurslarda isə Lənkəranla yanaşı, Astara, Lerik, Masallı və Yardımlı rayonlarında fəaliyyət göstərən mehmanxanaların nümayəndələri (104 nəfər) iştirak etmişdir.Təlim kurslarının turizm sahəsində xidmət səviyyəsinin inkişafına göstərdiyi müsbət təsirini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələcəkdə bu işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
ZÜMRÜD