PDF Oxu

Sosial

  • 18

Daşkəsən özünün sürətli inkişaf dövrünü yaşayır

Daşkəsən özünün sürətli inkişaf dövrünü yaşayır

Rayonda 2016-cı ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı ümumrayon yığıncağı keçirilib

Dünən Daşkəsən rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlərlə bağlı ümumrayon toplantısı keçirilib.

Toplantıda çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2016-cı ilin birinci yarısında bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur: "İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır. Yeni yaradılmış kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür. Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd Mədəniyyət Evində təmir işləri aparılır. Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Daşkəsən şəhərində Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır".

Rayon rəhbəri yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb. "Daşkəsən özünün sürətli dövrünü yaşayır" -deyən Ə.Abıyev onu da qeyd edib ki, rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatı, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir: "Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər aparılır. 2016-cı ilin məhsulu üçün 641 ha sahəyə taxıl səpilmişdir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kənddə süni mayalama məntəqələri fəaliyyət göstərir".

Ə.Abıyev onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Metallurgiya Kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmiş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir: "Eyni zamanda, rayonda "ASAN xidmət" səyyar xidmət göstərir. Bu gün "ASAN xidmət"in xidmətlərindən 3249 nəfər yararlanmışdır. "ASAN xidmət"in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər".

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin müdiri Şahbaz Mehdiyev, RİHB-nin şəhər İƏDÜN-ü Nüsrət Vəliyev, rayon gənclər və idman idarəsinin rəisi Samir Həsənov çıxış edərək daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yığıncağın sonunda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi oxunub, toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunubdur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər