PDF Oxu

Sosial

  • 33

Uçuruma gedən Ermənistan- məğlub olan Sarkisyan

Uçuruma gedən Ermənistan- məğlub olan Sarkisyan

Artıq Ermənistan uçurumun bir addımlığındadır. İyul ayının 17-dən Ermənistanda baş verən olaylardan sonra işğalçı ölkədə vəziyyət pik nöqtəsinə çatıb. İşğalçı ölkədə mitinq və nümayişlərin əhatə dairəsi genişləndikcə, polislə nümayişlərə çıxanlar arasında toqquşmaların sayı da artır. Ermənistan prezidenti Serj Sərkisyan çətin seçim qarşısındadır. O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən isə qan töküləcəyini də bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır.

Ermənistanda hazırki, hadisələrin hansı səbəbdən baş verməsini araşdırsaq, görərik ki, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmanın çətin olduğunu anlayır. Ona görə də cəmiyyətin bir hissəsi nümayişlərə və küçə yürüşlərinə üstünlük verir. Sarkisyan da əlindən gələn hər şeyi edir ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın. İkinci səbəb isə, Ermənistan cəmiyyəti Dağlıq Qarabağdakı aprel uğursuzluğununun səbəbini məhz korrupsiya ilə əlaqələndirir.

"Ermənistanda baş verənlər təsadüf deyil, ssenariləşdirilib"

Yaranmış gərgin situasiya onu deməyə əsas verir ki, əgər proseslər belə davam edərsə, S.Sarkisyanın Ermənistanda mövqeləri getdikcə zəifləyəcək. Belə vəziyyətdə, o, ancaq hakimiyyətini və ailəsini qorumaq haqqında düşünür, Dağlıq Qarabağ onun üçün arxa plana keçib. Ona görə də Sarkisyanın danışıqlarda geri addım atacağını gözləmək mümkün deyil.

Millət vəkili Aydın Mirzəzadə son günlər Ermənistanda baş verən ağır siyasi böhranın təsadüf deyil, ssenariləşdirilmiş olduğunu bildirib: "1996-cı ilin sonuna yaxın Azərbaycan Prezidenti Heydər Əliyevin səyi nəticəsində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdılar. Ancaq Ermənistanın o zamankı baş naziri, Azərbaycanın işğal edilmiş ərazilərində keçmiş səhra komandiri Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar və Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu".

Millət vəkili, həmçinin qeyd edib ki, bu ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttindəki hərbi əməliyyatlardan və Azərbaycanın hərbi uğurlarından sonra Ermənistan kompromislərə hazır olduğunu bəyan etdi: "May və iyun aylarında Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri keçirildi, ATƏT-in Minsk Qrupunun həmsədri Rusiya diplomatik fəallığı artırdı. Son günlər prezidentlərin yeni görüşünün hazırlandığı və məsələnin həllində ümidlərin artdığı barədə də məlumatlar yayılır. Bu ərəfədə iyulun 17-də bir qrup silahlı şəxs Yerevan mərkəzində yol polisinin post-patrul xidmətinin binasını ələ keçirir. Təsadüfən orada Ermənistan polisinin rəis müavini general da olur. Saxlanan girovlar tədricən azad edilir, ancaq bina yenə də silahlıların əlindədir. Çox müəmmalıdır ki, dövlət bir qrup silahlını oradan çıxara bilmir. Bu nədir: Ermənistan üçün adi bir kriminal hadisə, yoxsa Ermənistan "dağlıqqarabağşünaslarının" Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq üçün istifadə etdikləri köhnə üsul? Tamamilə mümkündür. Ancaq Yerevanda unudurlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və işğal edilmiş torpaqlarının həmişəlik Ermənistanın nəzarətinin altında qalmasına dözməyəcək".

Yerevanda həbs edilən etirazçıların sayı 165-ə çatıb

Ermənistan mətbuatının məlumatına görə, etirazçılar Ermənistan prezidentinin istefası tələbi ilə mitinqlərini davam etdirəcəklərini bildirirlər. Belə ki, bu günlərdə Yerevanın Xorenatsı küçəsi və Sari Tah rayonunda ixtişaşlar nəticəsində 165 nəfər insan saxlanılıb.

Ermənistan polisi müxalifətin nümayişinin dağıdılması zamanı xüsusi qəddarlıq vasitələrdən istifadə edib. Xəsarət alanlar arasında jurnalistlər və dinc sakinlər var. Hadisələr onu deməyə əsas verir ki, artıq geriyə yol yoxdur. Siyasi ekspertlər ölkədə prezident S.Sarkisyanın yarıtmaz siyasi fəaliyyəti belə böyük hadisələrin getdikcə geniş vusət alacağını bildirirlər. Çünki ölkə iqtisadi islahatlar keçirmək üçün heç bir resursa malik deyil.

Göründüyü kimi, S.Sarkisyanın vəziyyəti çox ağırdır. Çünki o, hakimiyyətə qan üstündə gəlib. Hadisələrin bu cür gedişatı S.Sarkisyanı çıxılmaz vəziyyətə salıb. Ermənilər qan üstündə hakimiyyətə gələn canini tələb edir, Sarkisyan isə susqunluğunu qoruyur. Onun vəziyyətdən çıxmaq üçün Rusiya tərəfinin hazırlayacağı ssenarini gözləməkdən başqa çarəsi yoxdur.

A.SƏMƏDOVA

Digər xəbərlər