PDF Oxu

Sosial

  • 22

Çörəklə imtahana çəkilən dünya

Çörəklə imtahana çəkilən dünya

Qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ərzaq probleminin olmaması Cənab Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir

Bu gün dünya ölkələrinin prioritet vəzifələrindən birincisi ərzaq təhlükəsizliyinin təminatıdır. Bu baxımdan, xüsusilə də, qlobal iqtisadi böhranın, eləcə də, müxtəlif xəstəliklərin baş alıb getdiyi dünyada ölkə əhalisinin sağlamlığının, onların ərzaq təminatının təmin edilməsi dövlət idarəçiliyinin strateji istiqamətə çevrilib. Çox az ölkə göstərmək olar ki, ərzaq təminatını yüz faiz həyata keçirir. Qlobal transformasiya proseslərinin nəticəsidir ki, hazırda bütün dünya ölkələri bu və ya digər şəkildə bir-birindən asılı vəziyyətdədir. Xüsusilə də, Avropa İttifaqı ölkələri, eyni zamanda, Ümumdünya Ticarət Təşkilatının üzvləri ərzaq təhlükəsizliklərini təmin etməkdə çətinlik çəkirlər. Çünki bu təşkilatlar daxilində işləyən qaydalar imkan verir ki, hansısa dövlət digərindən daha etibarlı təhlükəsizlik tədbirləri həyata keçirsin. Bu mənada, Azərbaycan daha etibarlı şəkildə ərzaq təhlükəsizliyi siyasəti həyata keçirir. Bu gün heç kəs Azərbaycana diqtə edə bilmir ki, taxılın, yaxud kartofun əkinini azaltsın və ya çoxaltsın. Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir ki, Azərbaycanda müstəqil şəkildə reallaşdırılan ərzaq təhlükəsizliyi proqramı mövcuddur.

Azərbaycan dünya ölkələrinə nümunə sayıla bilər

Ərzaq təhlükəsizliyi məsələsində əhalinin keyfiyyətli və ucuz çörəklə təminatı məsələsi çox mühüm faktor kimi çıxış edir. Əlbəttə, keyfiyyətli və ucuz çörəyin istehsalı, ilk növbədə yüksək keyfiyyətli taxıldan və onun miqdarından asılıdır. Təbii ki, bu gün Azərbaycan yüz faiz taxılla özünü təmin etməsə də, 2016-cı ildə ümumi taxılın istehsalı 3 milyon tona çatdırılacaq. Kənd təsərrüfatının intensiv inkişafı isə imkan verəcək ki, gələcək illərdə taxıl istehsalı yüz faiz həcminə çatdırılısın. Dünya ölkələrində çörəklə bağlı vəziyyəti araşdırdıqda, bəlli olur ki, bu gün Azərbaycan, həqiqətən də ərzaq təhlükəsizliyi təmin edilən ölkələr sırasına daxildir. Həm çörəyin qiyməti, həm də dövlətin üzərinə düşən öhdəliklər baxımından Azərbaycan dünya ölkələrinə nümunə sayıla bilər.

Bu gün hələ də bir çox ölkələrdə çörək talonları qalmaqdadır

Aparılan araşdırmalar göstərir ki, bu gün hələ də bir çox ölkələrdə çörək talonları qalmaqdadır. Hələ də bir çox dünya ölkələri un və çörək istehsalına görə milyonlarla vəsait subsidiya şəklində xərclənir. Qazaxıstan kimi ölkədə çörəyin qiymətinin stabil saxlanılması üçün hər il təxminən 6-8 milyard təngə xərclənir. Misirdə isə vəziyyət həddindən artıq ağırdır. Çünki, bu ölkədə hər il çörək sənayesinin saxlanması üçün 3,15 milyard dollar vəsait xərclənir. Hətta yenicə formalaşmış hökumətin apardığı araşdırmadan sonra bəlli olub ki, ayrılan subsidiyanın 7 milyon dolları mənimsənilib. Ona görə də, hökumət çörək sənayesində şəffaflıq yaratmaq üçün kart sisteminə keçidə qərar verib.

İran dövləti isə hələ bir neçə il öncə subsidiyadan imtina edib. Çünki İranda yaşayan 74,5 milyon insan hər 9 ay üçün dövlətdən 23 dollar çörəkpulu alırdı. Bu da əlbəttə, dövlət büdcəsi üçün əlavə ağırlıq demək idi.

İsraildə də 2007-ci ildən başlayaraq, dövlət çörək sənayesinin dəstəklənməsi və çörəyin qiymətinin tənzimlənməsi prosesindən imtina edib. Ona görə də, bu gün İsraildə "Lexemaxid"" deyilən standart çörək təxminən 5 dollar qiymətindədir ki, bunu da almaq hər ailənin büdcəsinə görə deyil.

Dünya ölkələrində çörəyin qiyməti hansı səviyyədədir?

Ümumiyyətlə, bu gün çörəklə bağlı dünya ölkələrində qiymət məsələsində kifayət qədər yüksəlmələr mövcuddur. Məsələn, Böyük Britaniyada ən ucuz çörək 2,5 manatdır. Almaniyada isə qiymət 0,45 avrodan başlayaraq 4 avroyadək dəyişir. Fransada 0,70, İtaliyada 0,80 avroya, ABŞ-da isə 2,4 dollara çörək almaq olar. Yaponiyada isə ən ucuz düyü 500 yen, yaponların sözlərilə desək, plastmasa oxşar çörək isə 158 yendir.

Azərbaycanda unun və çörəyin qiyməti çox ucuzdur

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində insan amili əsas götürülməklə, çörək və unun qiymətinin stabil saxlanılması üçün bütün zəruri addımlar atılır. Elə bunun nəticəsidir ki, bu gün unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq, 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır.

Bu baxımdan Azərbaycanda unun qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün bildirək ki, Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1,10 – 1,20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir.

Göründüyü kimi Azərbaycanda ərzaq təhlükəsizliyilə əlaqədar dövlət tərəfindən atılan addımlar ölkədə bu sahədə sabitliyi təmin edib. İnsanlar, başqa ölkələrdə olduğu kimi, çörəklə imtahana çəkilmir. Dünyada çörəyin qiymətinin qalxması ərzaq təhlükəsizliyilə bağlı problemi qabardır. Qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ərzaq probleminin olmaması Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər