Prezident İlham Əliyev: "Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət tədbirləri və davamlı islahatlar milli iqtisadiyyatın bütün sahələrində dinamizm meyillərini gücləndirmişdir. Məhz uğurlu strategiya nəticəsində respublikamızda davam edən inkişaf dinamikası iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərir. Xüsusilə də, qeyri-neft sektorunda müşahidə olunan artım tempi Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiqləyir. Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı cari ilin ölkəmiz üçün mühüm bir dövr olduğunu bildirdi.
Neft gəlirlərindən səmərəli istifadə, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə, dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir dövrdə bu məqama daha çox diqqət yetirilir. Sevindirici haldır ki, ildən-ilə bu sahədə müsbət göstəricilər əldə edilir. Prezident İlham Əliyev qeyd edib ki, qeyri-neft sənayesinin beş faizdən çox artması Azərbaycanda qeyri-neft sektorunun daha sürətlə inkişaf edəcəyinə yaxşı ümidlər verir: "Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun... Qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin edilməlidir. İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada, əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür".
6 ay ərzində 37 min yeni iş yeri açılıb
Dövlət başçısı bütün çıxışlarında, o cümlədən müşavirədə də insan amilinə böyük önəm verərək bildirib ki, insanların yaxşı yaşaması üçün dövlət üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir: "Bu gün Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. İnsanların yaxşı yaşaması üçün dövlət üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu sırada yeni iş yerlərinin yaradılmasını xüsusi vurğulamaq lazımdır".
Ölkə başçısı qeyd edib ki, birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır: "Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda, işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb."
Dövlət başçısının göstərişi ilə bu gün ölkədə sahibkarların sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılır. Cənab Prezident icra orqanları qarşısında bu istiqamətdə mühüm vəzifələr qoyub. Bununla həm də regionların daha sürətli inkişafını təmin etmək mümkündür. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır: "Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli icra orqanlarının rəhbərlərinin fəaliyyətini, ilk növbədə, o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq."
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanır. "Qara qızıl"ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə, gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verir. Həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində qeyri-neft sektorunun milli iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilməsi prosesinə öz töhfəsini verəcək.
RƏFİQƏ KAMALQIZI