PDF Oxu

Sosial

  • 23

Dərmanların keyfiyyətinə nəzarət təkmilləşdirilir

Dərmanların keyfiyyətinə nəzarət təkmilləşdirilir

Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin "Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası"nda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilib. Laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 - "sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edən 22.06.16-cı il tarixində növbəti 3 il üçün AZ 01.0116.01.16 saylı Akkreditasiya Attestatı verilib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, laboratoriyanın əməkdaşları, mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Laboratoriya QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Global Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək, respublika ərazisinə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır.

Mərkəzin "Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi"nin strukturunun təkmilləşdirilməsi sayəsində şöbənin fəaliyyətinə nəzarət gücləndirilib. Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı cari ilin iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və idxala Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən "Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları"nın layihəsi hazırlanmaqdadır və yaxın günlərdə təsdiq edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim ediləcəkdir.

NƏZAKƏT

Digər xəbərlər