Dünən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə dair "Dəyirmi masa" keçirilib. Tədbirdə çıxış edən Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova bildirib ki, institut tənəffüs orqanları ilə əlaqəli olan elmi-tədqiqat işlərinin aparıldığı çoxprofilli institut kimi fəaliyyət göstərir. O, diqqətə çatdırıb ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi fəaliyyəti dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"ya uyğun aparılır. İnstitutun fəaliyyəti ilə bağlı məlumat verən İ.Axundova qeyd edib ki, 12 kliniki şöbəni əhatə edən 6 elmi bölmədən ibarət olan instituta pulmonologiya, ftizio-cərrahiyyə, ftiziatriya, torakal cərrahiyyə, laborator-diaqnostik, tibbi-elmi informatika kimi elmi bölmələr daxildir.
Dövlətimiz və Səhiyyə Nazirliyi tərəfindən bir neçə mütəxəssislərimizin xaricdə ixtisasları üzrə təkmilləşdirmə kurslarını keçmələrinə şərait yaradıldığını nəzərə çatdıran direktor müavini həkimlərimizin ÜST-ün Azərbaycan və digər ölkələrdə təşkil etdiyi bir sıra treyninqlərdə aktiv iştirak etdiyini vurğulayıb: "Elmi tədqiqatların nəticələri əsasında və Milli Vərəm Proqramı çərçivəsində ilk dəfə olaraq unikal E-TB-manager elektron online vərəm xəstələrinin qeydiyyat sistemi hazırlanıb və ÜST-ün dəstəyi ilə bütün ölkədə tədbiq olunub. Bu sistem vahid məlumat bazası kimi hər bir vərəm xəstəliyi olan şəxsin fərdi nömrəsi vasitəsi ilə yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, müntəzəm müayinədən keçməyə və müalicəni fasiləsiz aparmağa imkan verir. Həmçinin, proqram statistik qüsurları aradan qaldırır və xəstələrin tarixçələrinə nəzarəti gücləndirərək, müalicədən yayınma hallarının qarşısını alır".
Bildirilib ki, vərəm, əsasən, hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən, vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması isə əlillik və ölümlə nəticələnir.
Dəyirmi masada o da diqqətə çatdırıb ki, 2010-cu ildən vərəmli xəstələrin dərmanla təchizatını dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur. Xəstələr tam pulsuz müalicə alırlar.
ZÜMRÜD