PDF Oxu

Sosial

  • 17

"ASAN Xidmət" - yeniliklərə və inkişafa doğru

"ASAN Xidmət" - yeniliklərə və inkişafa doğru

İlham Əliyev: "ASAN Xidmət" hər bir dövlət orqanı üçün nümunədir"

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ şəhərində Qəbələ "ASAN Xidmət" Mərkəzinin açılışında çıxışı zamanı bu xidmətin insanların rahatlığına geniş imkanlar yaratdığını bildirib. "ASAN Xidmət" Azərbaycan məhsuludur" deyən ölkə Prezidenti üç il yarım ərzində 11 milyona yaxın müraciət olunduğunu, bu sahədə çox ciddi irəliləyişlərin olduğunu bildirdi: "Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində, böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər".

Bu gün günü-gündən qüdrətlənən Azərbaycanımız, regionun lider dövləti olmaqla yanaşı, həm də uğurlu islahatları ilə bütün dünyanın diqqəti mərkəzində dayanır. Azərbaycan o dövlətlərdəndir ki, ölkə rəhbərliyinin diqqəti hər zaman xalqının, dövlətinin üzərində olur və ölkə rəhbərliyi Azərbaycanın inkişafı üçün bütün səylərini səfərbər edir. Ölkəmizdə söz və mətbuat azadlığı, demokratiya, sabitlik və əmin amanlıq, multikulturalizm və tolenrantlığı ilə dünyanın bütün dövlətlərinə nümunə olmaqla yanaşı, qloballaşan müasir dövrümüzdə idarəetmə sistemində modernləşmə və yeni idarəetmə modelləri zərurətini də yaratmışdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, yeni idarəetmə modellərinin əsas prinsiplərindən olan şəffaflığın artırılmasının ön plana çəkilməsi baxımdan dövlətimizin başçısı demokratik idarəçiliyin formalaşdırılmasını, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsini, korrupsiya və rüşvətxorluğun qarşısını almaq məqsədilə, 2012-ci il 13 iyul və 5 sentyabr tarixli fərmanlar imzalamışdır. Həmin fərmanlarla Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Xidmət" mərkəzləri yaradıldı və fəaliyyəti təşkil olundu.

"Vətəndaş - dövlət qulluqçusu" münasibətləri formalaşır

Bu gün hər bir vətəndaş "ASAN Xidmət" fəaliyyətindən razılıq edir. İlk növbədə, ona görə ki, bu qurum fəaliyyətə başlayandan uzun növbələrdə saatlarla dayanma, məmur kabinetlərinə ayaqdöymələr, müxtəlif idarələri gəzərək, arayışlar almaq, əsəbiləşmək, rüşvət üstündə mübahisələr etmək artıq tarixə qovuşub. Artıq insanlar bütün bu süründürməçiliklərdən tamamilə azad olublar. Hazırda bir çox məsələləri həll etmək, sənəd və ya hüquqi məsləhət almaq, notarius xidmətləri, VVAQ, kommunal xərclərin ödənməsi, bank və sığorta xidmətlərindən istifadə etmək, sürücülük vəsiqəsinin dəyişdirilməsi, doğum haqqında şəhadətnamə, şəxsiyyəti təsdiq edən sənədin alınması və digər xidmətlər üçün, sadəcə "ASAN Xidmət" mərkəzlərimizdən birinə müraciət etmək kifayətdir. Ümumilikdə, "ASAN Xidmət"ə 220 xidmət növü daxildir. "ASAN Xidmət" mərkəzlərində vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. İnsanların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər göstərilir. Buraya bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri və fotostudiya daxildir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. "Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin" "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" kimi yanaşmasının formalaşdırılmasıdır.

"ASAN Xidmət" mərkəzlərində daha bir yenilik isə dövlət başçısının tapşırığına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tələb olunan xüsusi razılıq lisenziyasının verilməsi olub. Dövlətimizin başçısı "ASAN Xidmət"in xalq tərəfindən böyük razılıqla qarşılandığını nəzərə alaraq, daha da genişləndiriləcəyini bildirib: "Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam".

Növbəti yeniliyin açılışı - Qəbələ "ASAN Xidməti"

Regionlarda "ASAN Xidmət" mərkəzlərinin daha da genişlənməsinə xüsusi diqqət yetirən ölkə Prezidenti növbəti yeniliyin açılışını Qəbələ şəhərində etdi. Qəbələ şəhərində Qəbələ "ASAN Xidmət" Mərkəzinin açılışında çıxış edən dövlət başçısı çıxış edərək, bu xidmətin sayca 10-cu olduğunu dedi: "Azərbaycanda bu günə qədər 9 "ASAN Xidmət" Mərkəzi fəaliyyət göstərir - 5-i Bakıda, 4-ü digər şəhərlərdə - Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər".

"ASAN Xidmət" Azərbaycan məhsuludur" deyən ölkə Prezidenti üç il yarım ərzində 11 milyona yaxın müraciət olunduğunu, bu sahədə çox ciddi irəliləyişlərin olduğunu bildirdi: "Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində, böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər".

Beləliklə, müasir demokratik cəmiyyət quruculuğu ilə məşğul olan, vətəndaşların sosial rifahını, rahatlığını təmin etmək istəyən dövlətin hədəfləri də, məhz budur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər