PDF Oxu

Sosial

  • 19

Azərbaycanda elmin hüquqi-normativ bazası yaradılıb

Azərbaycanda elmin hüquqi-normativ bazası yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyevin "Elm haqqında" Qanunun tətbiqi barədə Fərmanı ölkəmizin yeni inkişaf mərhələsinin tələblərindən irəli gəlir

Elmin inkişafı respublikanın tərəqqisində mühüm rol oynayan amillərdəndir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət etsək, görərik ki, həmin ölkələrin uğurlarının təməlində elmi-texniki tərəqqi dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi-mədəni və sosial sahələrdə islahatlar aparmaqla yanaşı, elm sahəsinə də xüsusi diqqət yetirilir. Dövlət tərəfindən elmin inkişafına göstərilən diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasında və layiqli yerinin təmin olunmasında əsas amillərdəndir.

Elmin inkişafı və bu sahədə mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə ardıcıl işlər görülməkdədir. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncamı bir sıra problematik məsələlərin həllində, elmi tədqiqatların müasir standartlar səviyyəsində qurulmasında, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlərdə əhəmiyyət daşıyır. Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası prosesi güclənib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" da elm sahəsində həyata keçirilən islahatların konseptual əsaslarını özündə əks etdirən növbəti addım oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin elmi intibaha yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan elmi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Respublikada maarif işinin yüksək səviyyədə təşkili, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflər və ixtiralar iqtisadiyyatın bütün sahələrində tətbiq olunur. Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə olunur.

DÖVLƏTÇİLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ, XALQIN MİLLİ-MƏDƏNİ TƏRƏQQİSİNƏ VƏ RİFAH HALININ YÜKSƏLDİLMƏSİNƏ XİDMƏT EDƏN SƏNƏD

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanunun tətbiqi barədə Fərmanı ölkəmizin yeni inkişaf mərhələsinin tələblərindən doğan mühüm hadisədir. Bu günədək Azərbaycanda elmi fəaliyyətin tənzimlənməsini və həyata keçirilməsini təmin edən qanunvericilik bazası mövcud deyildi. Yeni qanunda elmi sahənin inkişaf etdirilməsi, eləcə də elmi fəaliyyətlə bağlı bir sıra mühüm məsələlər əksini tapmışdır.

Yeni sənəddə elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adların verilməsi, elmi işçilərin sosial müdafiəsi, mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər yer alıb. Vacib məqamlardan biri də odur ki, qanuna əsasən, təhsilin fasiləsizliyini təmin etmək məqsədilə magistraturada və doktoranturada əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilir. Qanunun tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq dövlət orqanları ilə birlikdə, qısa müddət ərzində bir sıra işləri həyata keçirəcək.

"Elm haqqında" Qanun ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın və yüksək intellektual səviyyəyə malik cəmiyyətin qurulması və inkişaf etdirilməsi baxımından son dərəcə böyük əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycan Prezidenti Cənab İlham Əliyevin elmi potensialın gücləndirilməsinə yönəlmiş siyasi xəttinin nümunəsidir. Yeni qanunun qəbulu Azərbaycan elminin daha yüksək səviyyəyə qalxmasına öz töhfələrini verəcək. Bu, dövlət başçısının elmin inkişafına qayğısının təzahürü olmaqla, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən bir sənəddir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər