Azərbaycanın iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının nəticəsində bu sahədə uğurlar əldə olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət almışdır. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilmişdir. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində tibb müəssisələri təmir və bərpa edilib, onlar ən müasir avadanlıqlarla təchiz olunub, vətəndaşlar pulsuz dərman vasitələri və preparatlarla təmin olunub, səhiyyə sahəsində digər islahatlar uğurla həyata keçirilib.
Ölkə səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Bölgələrdə də müasir elmi və tibbi mərkəzlər, diaqnostika-müalicə mərkəzləri qurulub. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görüldüyünü vurğulamışdır: "Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır ki, bu gün Azərbaycan vətəndaşlarına xidmət göstərir. Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir".
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılır. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölüm hallarının faiz dərəcəsi aşağı enmişdir.
Bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Tibbi-demoqrafik göstəricilərin müsbət dinamikasında səhiyyənin, xüsusən konkret sahələr üzrə dövlət proqramlarının da mühüm əhəmiyyəti olub. Belə ki, bütün dünyada, o cümlədən, Azərbaycanda geniş yayılmış şəkərli diabet üzrə müayinələrin həcmi artıb, ilkin aşkarlama və xəstənin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlib, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalıb.
Təsadüfi deyildir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur.
İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılmasının nəticəsi olaraq, Azərbaycan səhiyyəsi bu gün dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə malikdir. Belə ki, müxtəlif orqanlar üzərində əməliyyatların aparılması, orqanların transplantasiyası və s. son illərin nailiyyət və uğurları sırasındadır. Məlum olduğu kimi, ölkəmizdə açıq ürək, böyrəkköçürmə əməliyyatlarının keçirilməsi səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması səhiyyəmizin inkişafına söykənir.
NƏZAKƏT