PDF Oxu

Sosial

  • 18

Aqrar islahatlarda yeniliklər

Aqrar islahatlarda yeniliklər

İlham Əliyev: "Kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyim sərəncamlar və hazırda görülən işlər, aparılan islahatlar deməyə əsas verir ki, biz bu sahədə də daha sürətli inkişafa nail olacağıq"

Ölkəmizdə ərzağa olan daxili tələbatın imkanlarımız hesabına ödənilməsi üçün regionlarda infrastrukturun yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Təbii ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan dövləti əhalinin ərzaqla təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Aqrar sektorun inkişafının prioritet hədəfləri

Hazırda Azərbaycan əksər kənd təsərrüfatı məhsulları, o cümlədən taxıla olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir. Bu da ərzaq təhlükəsizliyi baxımından olduqca mühüm məsələdir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, hökumət ölkə əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları reallaşdırır...

"Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşma və bizim siyasətimiz". Bu fikri Prezident İlham Əliyev çıxışlarında bildirib və onu da qeyd edib ki, hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdəndir: "Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, "Aqrolizinq" xətti ilə texnika təmin edilir. Yəni dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin".

Kənd təsərrüfatı sahəsində əldə olunan bugünkü nailiyyətlər, əslində, heç də asanlıqla meydana gəlməyib. Təbii ki, bu, zaman-zaman aparılan genişmiqyaslı islahatların nəticəsidir. Prosesi daha da sürətləndirmək məqsədilə dövlət tərəfindən daim mütərəqqi qanunlar qəbul olunur, aqrar sahəyə dotasiyalar ayrılır və xüsusi güzəştlər tətbiq olunur. Dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarının idxaldan asılılığı maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin.

Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını, əsasən, öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra ən iri sahə olmaqla vətəndaşların məşğulluğunun artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına da əsaslı təsir edir.

Dövlət yardımları və idarəetmədə şəffaflıq artırılır

İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, "Elektron kənd təsərrüfatı" sisteminin yaradılması istiqamətində qısa müddət ərzində genişmiqyaslı işlər görülmüşdür. Bunun əsasında hazırda Avropa təcrübəsinə uyğun "İnteqrasiya olunmuş nəzarət sistemi"nin (IACS) prinsiplərinə əsaslanan və 3 alt-moduldan ibarət olan "Elektron kənd təsərrüfatı" sisteminin tətbiqi üçün praktiki fəaliyyətə başlanılmışdır. Qeyd edək ki, bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcək. Artıq "Elektron kənd təsərrüfatının subsidiya və siyasətə dair informasiya sistemi" modulunun yaradılması xidmətlərinin satın alınması məqsədilə tender prosedurları həyata keçirilir.

"Aqrolizinq" ASC tərəfindən aparılan bütün əməliyyatların elektron-uçot sisteminə keçirilməsi başa çatdırılmış, o cümlədən, güzəşt tətbiq ediləcək texnikalarla bağlı xüsusi proqram təminatı hazırlanmış və elektron məlumat bazası yaradılmışdır. Həmçinin, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən 3 xidmət elektron xidmətlərin siyahısına daxil edilmişdir. Hazırda Dövlət Texniki-Nəzarət Müfəttişliyinin fəaliyyəti, süni mayalama işləri və toxumçuluğa dövlət dəstəyi üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işləri, habelə "Elektron kənd təsərrüfatı" sisteminin digər modullarının tətbiqi üzrə tədbirlər davam edir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də Avropanın lider dövlətinə çevriləcək.

R.HÜSEYNOVA

Digər xəbərlər