"Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir"
Ümummilli Lider Heydər Əliyev
Vətən sərhəddən başlayır...Bu ifadə, həqiqətən də hər birimizi onun ətrafında düşünməyə yaxşı mənada, vadar edir. Vadar edir ona görə ki, Vətənin hər bir guşəsi müqəddəslik rəmzidir. Bu rəmzi isə qorumaq, onun uğrunda canımızdan belə keçmək bizlərin vətəndaşlıq borcudur. Bəli, Vətənin başlanğıc nöqtəsi məhz müqəddəs sərhədlərimizdir və sərhədlərin toxunulmazlığı Vətənin toxunulmmazlığı anlamını daşıyır.
"Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi", - vurğulayan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələrində olduğunu daim vurğulayır. Əlbəttə ki, Sərəhəd Qoşunlarının əsgərindən tutmuş zabit heyətinədək hər bir Azərbaycan övladı burada xidmət keçməkdən yalnız fərəh və qürur hissi duyur. Söz yox ki, Sərhəd Qoşunlarının elit hərbi gücə çevrilməsi asan başa gəlməyib və bu faktor tarixlərə söykənir.
Sərhəd Qoşunlarımızın keçdiyi tarixi yol
Sərhəd Qoşunlarımızın tarixinə nəzər salsaq, onun çox çətin dövrlərdən keçdiyinin şahidi olarıq. 1919-cu il avqustun 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanununa əsasən, Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilmişdir. Lakin 1922-ci ildə baş verən siyasi təlatümlərdən sonra Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu və bununla da, öz müstəqilliyini itirdi. Bu səbəbdən, hərbi hissələrdə xidmət edənlər içərisində azərbaycanlılar demək olar ki, yox dərəcəsində idi. Bu proses yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbər seçilməsindən sonra onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətə dəyişdi. Milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü. Azərbaycanın varlığını qorumaq üçün Sərhəd Qoşunlarını sərhədin mühafizəsinə nəzarət edə biləcək hərbi quruma çevirmək lazım idi. Buna qadir olan güclü insan isə Azərbaycanın xilaskarı, uzaqgörən sərkərdəsi, dahi Heydər Əliyev idi. O, Naxçıvan Ali Məclisinin Sədri olduqdan düz 3 gün sonra - 1991-ci il sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar verdi. Bu qərarla da Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan milli ordusunun əsası qoyuldu. 1992-ci il avqustun 22-də Naxçıvan sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçdi və sərhəd dəstəsində milli bayrağımız dalğalandı. Həmin il oktyabrın 18-də isə Naxçıvan sərhəd dəstəsində andiçmə mərasimi keçirildi. Ulu Öndər Heydər Əliyev sərhədçiləri təbrik edərək dedi: "Siz müstəqil Azərbaycan sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə and içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim sovet ordusuna, sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər..."
Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları, məhz müstəqil Azərbaycan dövlətində reallaşdırılıb. Bu baxımdan, hərbidə ən mühüm və vacib sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi başlanıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sərhəd Qoşunlarının yaradılmasına təsadüf edən vaxtda həmin addımları qətiyyətlə atdı və bu tarixi kəlamlarını da qızıl hərflərlə yazdı: "Biz bu gün çox böyük məmnuniyyət hissi ilə müstəqil Azərbaycan dövlətində Sərhəd Qoşunlarının yaranmasını, məhz buradan - Naxçıvandan, Azərbaycanın qədim diyarından başlandığını qeyd edirik..."
Azərbaycan sərhədçilərinin fəaliyyəti müasir dövrümüzün yeni mərhələsində
Beləlkilə, Ulu Öndər Heydər Əliyev 2000-ci ildə18 avqust tarixini sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirmişdir. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti müasir dövrümüzün yeni mərhələsinə qədəm qoydu. Bu gün Onun həmin istiqamətdə qurduğu işlər layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılmaqdadır. Artıq hər birimiz əminliklə deyirik ki, bizim Prezident, bizim Ali Baş Komandan dövlətçiliyimizə, milliyətçiliyimizə bağlı rəhbərimizdir. Elə bu səbəbdəndir ki, bu gün İlham Əliyev Cənabları vurğulayır ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!
Söz yox ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti barədə nəticəyə gələrkən, hərbi qurumun rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin xidmətləri təqdirəlayiqdir. Bu gün Onun rəhbərliyi altında xidmət keçən hər bir hərbçi məhz bir amili vurğulayır - cənab general hər bir əsgərə öz yaxını, doğması kimi münasibət göstərir, onların qayğıısına qalır və Sərhəd Qoşunlarının daha müasir standartlara cavab verməsi istiqamətində əzmlə çalışır. Elçin Quliyev öz çıxışlarının birində vurğulayıb ki, əldə edilən hər bir nailiyyətin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mütərəqqi siyasət və bu siyasəti uğurla davam etdirən İlham Əliyev faktoru dayanır : "Azərbaycan sərhədlərinin mühafizəsi işində əldə etdiyimiz bütün nailiyyətlər Böyük Öndər Heydər Əliyevin adıyla bağlıdır. Biz sərhədçilər bu hissləri daima qəlbimizdə yaşadırıq və bu gün hər bir Azərbaycan sərhədçisi - əsgərindən generalınadək özünü xoşbəxt sanır ki, onların xidmətinə Dahi Lider Heydər Əliyev qiymət vermişdir. Bu gün bu siyasəti ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev davam etdirir və sərhədçilərin fəaliyyətini, əldə edilən müvəffəqiyyətləri, uğurları daim yüksək qiymətləndirir".
Təbii ki, bu, belədir və həmin uğurlar davam edəcək. Çünki Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən göstərilən qayğı nəticəsində DSX-nin maddi-texniki bazası güclənir və Azərbaycan sərhəd mühafizəsində istifadə olunan yeni texnologiyaların tətbiqi, sərhəd mühafizəsinin daha da yüksək səviyyədə təşkilinə şərait yaradır. Son illərdə sərhəd mühafizəsində böyük quruculuq işləri həyata keçirilib. Çoxsaylı sərhəd infrastrukturu yaradılıb, texniki imkanlar artıb. Təlimlər zamanı hər zaman yüksək döyüş hazırlığı nümayiş etdirən sərhədçilərimiz bu imkanlardan yararlanırlar. Keçirilən genişmiqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edir.
Sərhəd Qoşunlarının maddi-texniki bazasının inkişafı istiqamətində də önəmli işlər reallaşdırılmaqdadır. Belə ki, beynəlxalq standartlara cavab verən Sərhədçi İdman Olimpiya Mərkəzinin istifadəyə veriməsi, məhz ölkə rəhbərinin sərhədçilərimizə olan diqqətinin nümunəsidir. Bu kompleks müasir şəraiti ilə idmanın inkişafına xidmət göstərir. Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas qüvvələrindən sayılan Hərbi-Dəniz Qüvvələri (HDQ) dəniz təhlükəsizliyinə, bilavasitə cavabdehlik daşıyır. Sahil mühafizəmizin gəmiləri digər ölkələrin sərhəd mühafizəsi gəmilərindən üstün imkanlara malikdir.
O da sirr deyil ki, tarixlər boyu geniş sərhədlərə malik olan qədim Vətənimiz dəfələrlə yadelli düşmənlərin təcavüzünə məruz qalıb. Azərbaycan ərazisinin 20 faizinin işğal olunması bunun bariz nümunəsidir. Ancaq Vətənimizin müdafiəsində verdiyimiz şəhidlərimizin ruhu bizləri qisasa çağırır. Artıq tam əminliklə deyə bilərik ki, o gün uzaqda deyil! Güclü ordumuz Ali Baş Komandanımız İlham Əliyevin əmrinə hər an hazırdır. Dövlət Sərhəd Xidmətinin müasir hərbi texnikası düşməni yerlə yeksan etməyə qadirdir. Çünki bu güc hər bir azərbaycanlının qürur yerinə çevrilib.
"Hər şey Vətən üçün", - deyən, canını Vətən uğrunda fəda etməyə hazır olan, ordumuzda xidmət edən əsgərlərimiz ən böyük vətənpərvərlərdirlər. Sərhədlərimizin toxunulmazlığının və etibarlı qorunmasının aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq, vətənin keşiyində layiqincə dayanırlar.
Onu da deyək ki, DSX tərəfindən ənənəyə çevrilən və yaradılmasının ildönümünə həsr olunan yaradıcılıq müsabiqələri cəmiyyətdə hərbi-vətənpərvərlik ruhunun güclənməsinə zəmin yaradır. Belə müsabiqələrdə gənclər daha çox iştirak edirlər və onlar vətənə və torpağa olan bağlılıqlarını göstərmək imkanı əldə edirlər.
Hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. İstər quruda, istər sahildə, istərsə də, səmada Azərbaycanın təhlükəsizliyini təmin edən, dövlətimizi və millətimizi qoruyan şərəfli əsgərlərimiz, dəyərli sərhədçilərimiz, biz sizinlə hər zaman fəxr etmişik, bundan sonra da qürur duyacağıq. BAYRAMINIZ MÜBARƏK!
RƏFİQƏ KAMALQIZI