Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Respublikası Uşaq və Tələbə-Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı ilə Siyəzəndəki "Göyçə" İstirahət Mətkəzində tədbir keçirilib.
Gələcəyimiz olan gənc nəslini vətənə məhəbbət, xalqa, elinə və mədəniyyətə hörmət, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşılıb və ona həyati əhəmiyyətli məsələ kimi baxılıb. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu gün öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib və yetişdirir. İşğalçı ermənilərə qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin və xalqın hər bir uğuruna sevinməkdir.
Ulu Öndərimiz Heydər Əliyev çıxışlarının birində vətənə, dövlətə sevgi ilə bağlı demişdir: "Müstəqilliyi qazanmaq olar, amma onu qoruyub-saxlamaq çox çətindir". Onu qoruyub-saxlamaq üçün isə bizim gənclərimiz öz səylərini bu yolda əsirgəməməlidirlər".
Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlərdə verilən məlumatlardan şagirdlərə Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər verilir, bu biliklər əqidəyə çevrilərək, onlarda vətənpərvərlik hisslərini daha da artırır. Şagirdlər arasında aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, müharibə şəraitində yaşayırıq. Şanlı ordumuz aprel döyüşləri zamanı bir sıra ərazilərimizi geri qaytara bildi. Lakin hələ də düşmən tapdağı altında inləyən torpaqlarımız da var. Odur ki, biz hərbi-vətənpərvərlik oyunlarıyla gənclərimizdə onlarda bu hissi gücləndirmək istəyirdik. Təşkilat olaraq bu layihəni keçirməklə uşaqları qaçmaq, yarış, ağırlıq qaldırmaq, stolüstü oyunlar, intellektual yarışlar keçirməyə təhrik etdik və əyləncə, gəzinti təşkil edib yay düşərgəsində dincəlmələrinə və vətəni sevmələrinə vasitəçi olduq. Məqsədimiz layihədə gənclərimizi torpaq uğrunda şəhid olanlarla aprel şəhidlərini tanıtdırmaq və onlarla fəxr etmələrini öyrətməkdir ki, onlar da vətəni qorumağa hər an hazır olsunlar. Həm də bu layihəni icra edərkən, düşərgədə 4 gün ərzində gənclərimizə vətən sevgisi, düşmənə nifrət və vətən uğrunda şəhid olmaq sevgisi aşılamağa çalışdıq.
Məlumat üçün qeyd edək ki, düşərgədə 32 nəfər iştirak edib, hər gün uşaqlar səhər saat 8-dən duraraq, 1 km-dən çox məsafəni qaçırıb və başqa məşqlər edib, sonra səhər yeməyi yeyib və intellektual oyunlarla məşğul olublar: "Aprel şəhidləri haqqında hər gün uşaqlara məlumat verdik və gənclərimizi başa saldıq ki, bu vətən bizimdir, onu qorumaq da bizim borcumuzdur".
TURAL TURAN