Dünən hamilə qadınlara antenatal qulluğa həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Baş Səhiyyə İdarəsinin 3 nömrəli qadın məsləhətxanasının müdiri Aygün Budaqova bildirib ki, müasir dövrün tələbi ana və uşaqlara xidmətin səviyyəsinin daha da artırılmasıdır: "Paytaxtımızda, eləcə də regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların, dünyaya gələcək körpənin vaxtında müayinə və müalicəsi ciddi şəkildə təşkil olunur və nəzarətdə saxlanılır. Hamilələrin vaxtında aşkar olunması, onların qadın məsləhətxanalarına cəlb olunması olduqca önəmli məsələdir".
A.Budaqova onu da bildirib ki, əhalinin maarifləndirilməsi, hamiləlilərin qadın məsləhətxanalarına cəlb olunması, onların hamiləlik mövzusunda məlumatlandırılması məqsədilə qadın məsləhətxanalarında analıq məktəbləri təşkil olunur: "Analıq məktəblərində hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda mühazirələr oxunur. Əsasən, bu mövzular hamilə qadınların qidalanması, şəxsi gigiyenası, ana südü ilə qidalandırmaya hazırlıq, doğuşa hazırlıq, zahılıq dövründə qulluq və digər mövzuları əhatə edir".
Səhiyyə Nazirliyinin 22 saylı əmrinə əsasən, Antenatal Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı şəhərinin həkim mama-ginekoloqlarının regionlara ezam olunması təşkil olunmuşdur. Bu isə Bakı şəhəri və regionların həkim mama-ginekoloqları arasında fikir mübadiləsinin aparılmasına, regionlarda antenatal xidmətin hərtərəfli təşkil olunmasına böyük töhfə verir.
ZÜMRÜD