Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin sosial mənzillərin tikintisi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə ayırdığı xüsusi diqqəti nəticəsində bu gün bu layihə artıq uğurla reallaşır. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar olan ərazidə tikiləcəkdir.
Musa Quliyev: "Belə mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir"
Sözügedən məsələ ilə bağlı millət vəkili Musa Quliyev qeyd edib ki, sosial mənzillər imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur: "Belə mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə, bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək".
Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayının çox olduğunu deyən millət vəkili bildirdi ki, belə insanların bir qismi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəməyə çalışır, şəhid ailələri, məcburi köçkünlər isə dövlət tərəfindən mənzillə təmin edilir: "Digər kateqoriyalı insanların mənzillə təminatında çox ciddi çətinliklər var. Sosial evlər, məhz bu kateqoriyadan olan insanlar, yəni mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur. Cənab Prezident də öz çıxışında dedi ki, yalnız Bakıda deyil, respublikanın digər şəhər və rayonlarında da sosial evlər tikiləcək".
M.Quliyev bildirib ki, sosial evlər aşağı maya dəyəri ilə qısa müddətə tikilən evlərdir. Həmin evlərin sahəsi o qədər böyük olmasa da, yaşayış üçün şəraiti olur: "Sakinlər sosial mənzillərə köçdükdən sonra kirayədə qaldıqları müddət ərzində kirayə haqlarını kredit ödənişi kimi ödəyirlər. Mənzilin dəyərini tam ödədikdən sonra isə, mənzili özəlləşdirərək, onun tam sahibi olurlar".
M.Quliyev, həmçinin bildirib ki, sosial evlərin inşası iqtisadiyyatın bir çox sahələrində də dirçəlişə səbəb olacaq: "Çünki Azərbaycanda tikinti materaillarının əksəriyyəti elə respublikada istehsal olunur. Sosial evlərin inşası tikinti mallarının istehsalı və satışı bazarı canlandıracaq. İnşaat, xidmət və iaşə sektorlarında yeni iş yerləri açılacaq".
Vüqar Bayramov: "Ölkə Prezidenti sosial evlərin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirdi"
İqtisadçı-ekspert Vüqar Bayramov ilk sosial evlərin inşasının Yasamal rayonunda olacağını qeyd etdi: "Cari ilin sonunda tikinti işlərinə başlanacağı gözlənilir və ilkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil inşa ediləcək ki, yəni həmin sayda da ailə mənzillə təmin olunacaq".
İqtisadçı sosial mənzillər üçün ayrılan məbləğin 150 manatdan aşağı qiymət olacağını bildirib: "Daha dəqiq məbləğ xərclər hesablandıqdan sonra bəlli olacaq. Ancaq bütün hallarda ikiotaqlı mənzillərin aylıq ödənişi təxminən 150 manatdan aşağı dəyərində müəyyənləşəcək. Bununla da, vətəndaşlar öz mənzil problemlərini sosial evlər vasitəsilə həll etmiş olacaqlar".
"Demək istəyirəm ki, sosial evlərin formalaşması və yaradılmasını dəstəkləyənlərdən biriyəm"-deyən V.Bayramlı onu da bildirdi ki, 5 ilə yaxındır ki, bu istiqamətdə tenderlərin keçirilməsi ilə bağlı fikirlərimi bildirirəm: "Sosial evlərin yaradılması çox vacibdir və ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir. Bu ölkəmizdə mənzil təminatının genişləndirilməsi baxımından olduqca vacibdir. Sosial evlər vətəndaşlara az vəsait ödəməklə mənzil əldə etməyə imkan yaradacaq. Ölkə Prezidenti sosial evlərin yaradılması ilə bağlı siyasi iradə nümayiş etdirdi. Bunu nəzərə alsaq, artıq sosial evlərin inşasına başlamaq üçün yerlər də müəyyənləşdi. Bu da, o deməkdir ki, 2019-cu ilin əvvəllərindən başlayaraq, Azərbaycan vətəndaşları sosial evlərə sahib ola biləcəklər. Dövlətin bu istiqamətdə atdığı addımları dəstəkləyirəm. Bu, həm dövlət, həm də vətəndaş üçün vacibdir".
Rəfiqə HÜSEYNOVA