Bu, laxlamış Sarkisyan rejiminin devrilməsinin başlanğıc nöqtəsidir
Bu gün Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətinə qarşı narazılıqlar səngimir. Bütün etirazların başında sosial-iqtisadi, ictimai-siyasi yönümlərdə vəziyyətin getdikcə gərginləşməsi, dinamik inkişaf edən böhrana çevrilməsidir. Sözsüz ki, ölkədə Sarkisyan hakimiyyətinin səriştəsiz idarəçiliyi, artan narazılıq, xarici güclərin asanlıqla Ermənistana istədiklərini diktə etməsi isə vəziyyəti daha da çətinləşdirir. Məhz bu səbəbdəndir ki, Ermənistanın müstəqil dövlət deyil, Sarikisyan üçün hansısa əyalət olduğu etiraf olunur.
Erməni müxalifətçi Armen Martirosyan bildirir ki, Ermənistan Sarkisyan rejiminin idarəsi altında azadlığını itirmək təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, kriminal rejim Ermənistanı başqa dövlətlərə hədiyyə etməkdədir. Buna, eləcə də siyasi repressiyalara etiraz əlaməti olaraq, hakimiyyətə qarşı aksiyaların sayı artır.
Xatırladaq ki, Ermənistan xüsusi istintaq xidməti post-patrul alayının ərazisində olan 44 nəfərdən 42-ni həbs edib. Bundan sonra isə Ermənistanda etirazlar güclənib. Silahlı dəstənin tərəfdarları imzatoplama kampaniyasına başlayıblar. Üsyançıların vəkilləri də irəli sürülən ittihamları qəbul etmirlər. Bu səbəbdən də, aksiyalar genişlənir.
Yaranmış durumda diqqət yetirilən daha bir məqam Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Erməni mediası yazır ki, ölkənin getdikcə ağır duruma düşməsi Qarabağ məsələsində Azərbaycana müqaviməti daha zəif hala gətirir. "Joxovurd" qəzeti yazır ki, məhz bu səbəbdən, indi Dağlıq Qarabağda az-çox imkanı olan ailələrin az qala hamısı uşaqlarını Ermənistana yollayırlar. Qeyd olunur ki, Dağlıq Qarabağın şimalını tərk etmiş qarabağlı erməni ailələrinin sayı artıq 982-yə çatıb. Onların heç biri geriyə qayıtmaq niyyətində deyil. İşğal altındakı digər ərazilərdən də böyük köçün başlanması gözlənilir və bu istiqamətdə artıq müəyyən hərəkətlilik də var. Ermənilər artıq yaxşı bilirlər ki, zəif, gücsüz, xarici hamilərinin dəstəyindən məhrum olan Ermənistanın artıq bundan sonra Azərbaycan ərazilərini işğal altında saxlaması mümkün deyil.
Sarkisyanın neytrallaşdırma siyasəti özünə zərərdir
İşğalçı ölkədə müşahidə olunan sosial-iqtisadi gərginlik fonunda ziddiyyətlərin artması səngimək bilmir. Yaranmış vəziyyətdən çıxış yolunu təzyiqlər və repressiyalar yolu ilə müxalif fəallarını neytrallaşdırmaqda görən Sarkisyan anlamır ki, bu, onun özünə zərərdir. Buna konkret misal kimi müxalif "Təsis parlamenti"nin üzvü Qarik Qalstyana evinin qarşısında hücum olunması, ona fiziki təzyiqlərdən sonra çoxsaylı bıçaq zərbələri endirilməsi göstərilir.
Qalstyanın sözlərinə görə, hadisəni törədənlər Ermənistan prezidenti Serj Sarkisyanın adamları olublar və onlar müxalifətçiyə hücum edərkən, bu sözləri deyiblər: "Heç kim bizim prezidentə qəsd edə bilməz, nə sən, nə də bu "Sasna Tsrer" qaragüruhu".
Xatırladaq ki, "Sasna Tsrer" Yerevanda polis məntəqəsinə hücum etmiş üsyançı qrupudur və onun üzvləri hazırda həbsdədir. Xalq isə bu şəxslərin azadlığa buraxılmasını tələb edir. Hesab olunur ki, bu tələbə qoşulanların sayının artması hakimiyyəti getdikcə daha çətin vəziyyətdə qoyacaq. Belə vəziyyət artıq indidən hakim komanda daxilində parçalanmalara rəvac verib. Eyni zamanda, S.Sarkisyanın əsas rəqibləri də yaranan situasiyadan öz xeyirlərinə istifadə etməyə can atırlar. "Aykakan Jamanak" qəzeti özünün etibarlı mənbələrinə istinadən yazır ki, eks-prezident Robert Koçaryan və hakim komandada ona yaxın şəxslər də indiki dövlət başçısına qarşı fəallaşıblar. Bu gedişlə onlar da Sarkisyanı vaxtından əvvəl tutduğu postdan kənarlaşdırmaqda maraqlı olan qüvvələr sırasında yer alacaqlar.
Beləliklə, ölkədə iqtisadi durumun ağırlaşması isə Sarkisyana qarşı olan qüvvələrin iqtidara təzyiq etmələri üçün əlavə imkanlar yaradır. "1in.am" saytına açıqlamasında erməni iqtisadçı Qor Çaturyan bildirib ki, Ermənistana xaricdən pul transfertlərinin azalması ölkədə sosial gərginlik yaradır.
Erməni iqtisadçı Vardan Bostancyan da eyni mövqeni bölüşür: "Ermənistanı sanki bütün regional hadisələrdən və layihələrdən kənarlaşdırırlar. Əslində, hazırda regionda yaranmış vəziyyət Ermənistan üçün əlverişsizdir. Kosmetik deyil, köklü islahatlar lazımdır. Psixoloji amil də rol oynayır. Bütün Ermənistanda psixoloji tənəzzül hökm sürür".
"Aykakan Jamanak" qəzeti isə yazır ki, iqtisadi geriləmə fonunda Ermənistanın valyuta ehtiyatları cari ilin iyul ayında, ümumilikdə, 1 milyard 589 milyon dollar olub. Bu, son 9 ildə ölkə ehtiyatlarının ən aşağı göstəricisidir. Nəşr yazır ki, ümumiyyətlə, son illərdə Ermənistanın valyuta ehtiyatları kifayət qədər aşağı düşüb: "Müqayisə üçün deyə bilərik ki, 2009-cu ilin ikinci yarısında valyuta ehtiyatları 2 milyard dollar olub. 2010-2014-cü illərdə 1,8-1,9 milyard dollar, 2015-ci illə müqayisədə isə 1,5-1,6 milyard dollar təşkil edib".
Göründüyü kimi, bütün bu faktlar bir daha onu sübut edir ki, ölkəni talan edən indiki iqtidar mümkün qədər tez hakimiyyətdən uzaqlaşdırılmalıdır.
A.SƏMƏDOVA