Ümummilli Lider Heydər Əliyevin ideyalarını təbliğ edən və ondan bəhrələnərək bir sıra əhəmiyyətli proqram və layihələri həyata keçirən Heydər Əliyev Fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə xüsusi diqqət yetirərək, sosial problemlərin həllinə doğru məqsədyönlü addımlar atır. Dünya standartlarına uyğun hazırlanan layihələr həm paytaxtımızda, həm də bölgələrdə icra olunur. Bu uğurlu addım fondun başlıca vəzifəsi olaraq davam etdirilir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Xanımı, millət vəkili Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, sağlam mənəvi dəyərlərin, gələcək nəslin fiziki cəhətdən sağlam yetişməsi və s. istiqamətdə qətiyyət və prinsipial mövqeyi Azərbaycanda, eləcə də dünyada Onun xeyriyyəçi, humanist imicini formalaşdırıb. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyeva beynəlxalq təşkilat və dövlətlərin müxtəlif titullarının daşıyıcısıdır, beynəlxalq Mətbuatda mütəmadi olaraq Mehriban xanım Əliyevanın fəaliyyəti geniş şəkildə işıqlandırılır. Belə ki, Mehriban Əliyeva ictimai, xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə, fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, eləcə də islam aləmində görülən işlərə böyük dəstəyinə görə müxtəlif mükafatlara layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə layiq görüldüyü mükafatların sayı artmaqdadır. "Qızıl ürək" beynəlxalq mükafatı, "Şərəf Legionu" ordeninin zabit dərəcəsi, "Qızıl Motsart" medalı, Krans Montana Forumunun Qızıl medalı, "Türk dünyasına xidmət" mükafatı və onlarla belə mükafatlar və medallar Onun əməli fəaliyyətinin qiymətidir.
HEYDƏR ƏLİYEV FONDU ÜMUMDÜNYA MƏDƏNİ İRSİNİN QORUNMASINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Müasir dövrümüzdə nəinki Azərbaycanın, eləcə də ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verən Heydər Əliyev Fondu dünya əhəmiyyətli abidələrin bərpasına da xüsusi diqqət ayırır. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edən Heydər Əliyev Fondu Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu bir daha özündə ehtiva etmiş olur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Roma katakombalarının bərpasına verdiyi töhfələr də diqqətəlayiqdir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun əməyi sayəsində baş tutan bu hadisə müsəlman dünyasının xristian aləminə hədiyyəsi kimi xarakterizə edildi. Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə, mütəmadi olaraq həyata keçirir. Heydər Əliyev Fondu ötən ilin mayında Sofiyada "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş də imzalamışdı. Bu saziş çərçivəsində Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki üç kilsənin təmiri və bərpasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirib. Belə əməli fəaliyyət və ölkələr arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələr nəticəsiz qalmır. Belə ki, bu günlərdə Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçilməsi də təsadüfü deyildi. Birinci xanım Mehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqi işinə böyük töhfəsi və iştirakına görə verilib.
Fəaliyyəti dövründə əldə etdiyi bu və ya digər nailiyyətlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrinin təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir.
Nəzakət ƏLƏDDİNQIZI