İstanbul-Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) üzvləri Çanaqqala məzarlığını ziyarət edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən, ziyarət zamanı heyət adından açıqlama verən təşkilatın sədri Səfər Qaraqoyunlu sözlərinə "Nə mutlu türkəm deyənə" ifadəsi ilə başlayıb və hər bir türkün şəhidlərin uyuduğu bu məzarlığı ziyarət etməsinin gərəkdiyini qeyd edib.
S.Qaraqoyunlu Çanaqqalanın şərəflə qazanılan zəfərin, vətən torpaqlarını qorumaq üçün ayağa qalxan bir millətin azad yaşamaq eşqinin ibrətverici nümunəsi olduğunu vurğulayıb: "Tarixən müstəqil və azad yaşamağa alışmış türk milləti bu savaşda canı və qanı ilə torpağı uğrunda mübarizə apararaq qələbə qazanıb".
Çanaqqala zəfərinin tarixdə Türkiyə və türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu deyən S.Qaraqoyunlu savaşda şəhid olan Azərbaycan əsgələrindən də danışıb. Bildirib ki, qeyri-rəsmi rəqəmlərə görə, Qafqazdan və Azərbaycandan 18 min insan könüllü şəkildə Çanaqqala döyüşlərinə qatılıb və rəsmi statistikaya əsasən, onlardan 3 mini şəhid olub.
Qeyd edək ki, 30 avqust Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. 1922-ci ildə İstiqlal savaşı gedən Türkiyədə Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmən qüvvələrini məğlub edib və həmin gün tarixə Çanaqqala zəfəri kimi yazılıb. Bu müharəbədə 253 mini türk, 251 mini isə qarşı tərərfin - ittifaq ordusunun əsgəri olmaqla, ümumilikdə, 504 min insan həlak olub.
NƏZAKƏT