Silahlı qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında silsilə tədbirlər aylığına start verilib. Şəmkirdəki "N" saylı hərbi hissədə keçirilən ilk tədbirin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolu və xalqa həsr olunmuş xidmətlərini əks etdirən ekspozisiya qonaqlarda xoş təəssürat oyadıb.
Tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə nəşr olunan kitabların sərgisinə maraqla baxıblar.
Əsgər klubunda silahlı qüvvələrdə silsilə tədbirlər aylığının açılışına həsr edilən mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb, Dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi silahlı qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu istiqamətdə silahlı qüvvələrdə aparılan işin təqdirəlayiq olduğunu bildirib, Müdafiə Nazirliyi ilə rəhbərlik etdiyi qurumun birgə planına əsasən, keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. M.Qurbanlı bu günlərdə uğurla başa çatan "Milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qoruyaq!" tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində keçirilən tədbirlərdə minlərlə hərbi qulluqçunun, ilahiyyatçının, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakını, hətta cəbhə bölgələrində, ön səngərlərdə tədbirlərin təşkilini müsbət hal kimi qiymətləndirib.
Tədbirdə Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşları Rövşən Qarayev, Vüsal Hüseynov, dövlət qulluqçusu İlqar Orucov, Gəncə Şah Abbas məscidi dini icmasının sədri Hacı Əlisəftər, Şəmkir şəhər Cümə məscidi dini icmasının sədri Hacı Natiq və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə çıxış edən hərbi hissə komandirinin müavini polkovnik Nemət Babayev qonaqları salamlayıb və şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyi rəhbərliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətlərini xüsusi vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Fitnə" sənədli filminə baxış olub və tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.
Tədbirin sonunda qonaqlar əsgəri xidmət üçün yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüb, hərbi hissədən xoş təəssüratla ayrılıblar.
Ü.ƏSGƏROV