Bu, Sarkisyan hakimiyyətinin məntiqi sonluğudur
Son günlər Ermənistanda Rusiya əleyhinə aksiyalar geniş hal alıb. Ancaq bu situasiya belə bir sualın ortaya çıxmasına səbəb olur: Ermənistan Rusiyanın forpostu olduğu bir vəziyyətdə Rusiya əleyhinə aksiyalar keçirilməsi, hətta bayraqlarının yandırılması kimi faktların arxasında kimlər dayanır? Sözsüz ki, cavablar müxtəlifdir. Bəzi ekspertlərin sözlərinə görə, Ermənistanda keçirilən aksiyaların arxasında Qərbdən maliyyələşən şəxslər dayanır ki, onların da məqsədi fürsəti əldən verməyərək kütləni Rusiyaya qarşı qaldırmaqdır. Onların fikirlərinə görə bu, Sarkisyanın planıdır. Hesab edirlər ki, rəsmi Yerevan Rusiyadan daha çox dəstək almaq üçün xalqın ondan narazı olduğunu nümayiş etdirir. Sarkisyan, sadəcə, öz oyununu oynayır və bu, razılaşdırılmış oyundur. Guya işğalçıölkənin prezidenti kompromisə getməyən, danışıqlar prosesindən imtina edən, hətta Rusiyanın gətirdiyi təkliflər paketi ilə razılaşmayan və bunları qəbul etməyən nihilist obraz yaradır. Beləliklə, Sarkisyan çalışır ki, Qarabağ münaqişəsinin tənzimlənməsində Moskva onun iradəsi ilə hesablaşsın.
Ermənistanda qorxu hissi hökm sürür
Politoloq Fikrət Sadıqov Ermənistandakı aksiyaların qurulmuş tamaşa olduğunu düşünür: "Bunu rəsmi Yerevanın təşkil etdiyinə şübhə etmirəm. Onlar narazılıqlarını Rusiyaya bu formada çatdırırlar. Son hadisələr zamanı ruslar konkret şəkildə ermənilərin yanında olmadılar. Onlar Azərbaycana silah satırlar. Ölkəmiz isə bu silahlardan yararlanaraq, ermənilərə güclü zərbələr endirir. Belə məqam erməniləri razı sala bilməz. Onların ruslardan gözləntiləri çoxdur. Belə görünür ki, Ermənistanda qorxu hissi hökm sürür. Belə başa düşürəm ki, ictimaiyyət arasındakı narahatlıq hakimiyyətdə də var. Yəni mövqelər üst-üstə düşür. Odur ki, hakimiyyət də bu narahatlığı, qorxunu Rusiyaya çatdırmaq istəyir. Elə görüntü yaradırlar ki, sanki Azərbaycan onların ölkələrini dağıdır və əsgərlərini öldürür. Rusiya isə ermənilərə ciddi şəkildə dəstək nümayiş etdirmir. Ona görə də ermənilər əziyyət çəkdiklərini Rusiyanın diqqətinə çatdırmaq istəyirlər. Müttəfiqlərindən daha çox dəstək istəyirlər".
Göründüyü kimi, baş verənlərə diqqət yetirilsə, işğalçı ölkənin, xüsusilə, Rusiya bayrağını yandırması rus ictimaiyyətinin də Ermənistan əleyhinə fikirlərin formalaşmasına səbəb olub. Nəticədə isə, Sarkisyanın öz hakimiyyətini qorumaq üçün etdiyi bu oyunlardan sonra Rusiyada ona etimad azaldı. Beləliklə də, Ermənistan prezidenti danışıqlardan imtina etməklə, monoetnik dövlət yaratmaq niyyətində olduğunu göstərdi.
Sarkisyanın dalana dirənmiş siyasəti
Göründüyü kimi, yaranmış vəziyyət açıq-aydın göstərir ki, Sarkisyanın siyasəti ölkəni labirintə salıb. O, çıxış yolu tapa bilmir. Hər dəfə səhv addımlar atmaqla özünü bir az da çıxılmaz vəziyyətdə qoyur, özü də sonunun başladığının fərqindədir. Fakt odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir. Erməni saytlarının verdiyi məlumatlarda göstərilir ki, vəziyyət getdikcə daha da pisləşir, işsizlik, korrupsiya, rüşvət halları durmadan artır.
Aleksey Fenenko: "Sarkisyan Azərbaycan torpaqlarını qaytarmalı olacaq"
Rusiyanın "Mediametrics" radiostansiyasına müsahibəsində Rusiyanın Valday Klubunun eksperti, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti fakültəsinin dosenti Aleksey Fenenko Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rəsmi mövqeyinin Ermənistandan çox Azərbaycanın mövqeyinə yaxın olduğunu bildirib: "Rusiyanın mövqeyi üç hissədən ibarətdir. Birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirik. İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq. Üçüncüsü, Rusiya və "KTMT"-nin Ermənistana verdiyi zəmanətlərin heç biri Qarabağ məsələsində qüvvəyə minmir. Bunu anlamaq üçün təkcə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatını oxumaq kifayətdir".
Onun sözlərinə görə, Moskvada Sarksyana qarşı narazılıqlar artır. "Ancaq Ermənistana daimi təzyiq eləsək ölkə, sadəcə, partlayacaq və biz anti-Rusiya meyilli daha bir dövlətlə qarşılaşacağıq", - deyə o, vurğulayıb.
A.Fenenkonun fikrincə, aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi problemin Madrid prinsipləri əsasında həllinin mümkünlüyünü birdəfəlik "dəfn etdi" və açıq-aydın Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.
"Azərbaycan göstərdi ki, müharibənin taleyi bu illələrdə Ermənistanda, çoxlarının düşündüyü kimi, hələ həll olunmayıb. Üstəlik, Azərbaycan hərbi əməliyyatların başlayacağı təqdirdə, real ön cəbhəni yarıb müharibəni Qarabağın dərinliyində davam etdirə biləcəyini göstərdi", - deyə o bildirib.
Rusiyalı ekspert Moskvanın Azərbaycanla müqayisdə Ermənistana daha çox təzyiq göstərdiyini söyləyib: "Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana geri qaytarmalı olacaq".
Zarui Postandjyan: "Bu proses yaxın gələcəkdə başa çatdırılacaq, daha sonra ərazilər boşaldılacaq"
"İrs" partiyasından olan deputat Zarui Postandjyan Sarkisyanın bütün fəaliyyətinin yalanlar üzərində qurulduğunu bildirib və qeyd edib ki, ölkədə bütün qaranlıq işlər onun sifarişi əsasında edilir: "Sarkisyan özü də dəfələrlə bildirib ki, "biz həmin ərazilərdə bilərəkdən məskən salmırıq". O, "Madrid" prinsipini və Kazan sənədini də qəbul edib". Z. Postandjyan qeyd edib ki, Serj Sarkisyan artıq təslim olub və Rusiyanın təklifinə əsasən, ətraf rayonları qaytarmağa hazırdır: "Sadəcə olaraq, ictimai rəyi buna kökləmək siyasəti aparılır. Bu proses yaxın gələcəkdə başa çatdırılacaq, daha sonra ərazilər boşaldılacaq".
Cümşüd Nuriyev: "Son hadisələr göstərir ki, proses Rusiya ilə Ermənistan arasındakı ziddiyyətlərin daha da gərginləşməsinə doğru gedir"
Politoloq Cümşüd Nuriyevin fikrincə isə, Yerevanla Moskva arasındakı yaşanan ziddiyyətlər yüksələn xətt üzrə inkişaf edir: "Əslində, son hadisələr göstərir ki, proses Rusiya ilə Ermənistan arasındakı ziddiyyətlərin daha da gərginləşməsinə doğru gedir. Azərbaycan uzun müddət idi ki, ermənilərə bel bağlamağın mənasının olmadığını bəyan edirdi. Çünki onlar tarixən satqın olublar. Hətta onların satqınlığı eramızdan əvvəlki dövrlərə də gedib çıxır. Onların satqınlığının səsi Makedoniyalı İsgəndər, Qədim Yunanıstan, İraq, İran, Osmanlı dövrünə belə gedib çıxıb. Ermənilər beləcə sata-sata gələrək, bizim torpaqlarda yerləşiblər. Rusiya isə öz siyasətini yeritmək üçün ermənilərdən yararlandı. Amma indi onlar öz başlarına da bəladır. Həm ölkə daxilindəki, həm də xaricdəki ermənilər Rusiya əleyhinə çıxmağa başlayıblar. Dünyada ən çox erməninin yaşadığı ölkə Fransadır, amma ABŞ-da onlar daha güclü diaspora malikdirlər. Buradakı ermənilər fəal olmaları ilə seçilirlər. Onu da qeyd edim ki, ermənilərin Rusiya əleyhinə aksiyalarında, birmənalı olaraq, Vaşinqtonun da marağı vardır. Çünki, ABŞ Rusiyanın Cənubi Qafqazda mövqeyinin möhkəmləndirməsilə barışan deyil. ABŞ indi seçkilərə hazırlaşır və burada demokratların namizədinin qələbə çalmaq şansları daha yüksəkdir. Hansı ki, xanım Hillari Klinton da daha çox müharibə xanımı kimi ad çıxarıb. Ermənilər də çalışırlar ki, bu vəziyyətdən yararlansınlar. İnanın ki, ermənilərin əlinə bir qədər imkan düşsə, Rusiyanı çox peşman edəcəklər. Rusiyada, hələlik, erməni xislətinə bələd olan barmaqla sayıla biləcək qədər siyasətçi var. Lakin buna baxmayaraq, onlar da erməni məsələsində tədricən ayılırlar. Əlbəttə ki, dünyanın hər bir yerində ermənilərin Rusiyaya qarşı çıxması Moskva ilə Yerevan arasındakı münasibətləri gərginləşdirəcək. Eyni zamanda, bu proses Azərbaycanın xeyrinədir. Nə qədər çox erməni Rusiyaya qarşı çıxsa, Azərbaycanın dediklərinin həqiqət olduğu da üzə çıxacaq".
Beləliklə də, yaranmış bu vəziyyət Ermənistan prezidenti Sarkisyanın apardığı utopik siyasətin nəticəsidir. Bu siyasətlə Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, Türkiyəyə torpaq iddiası, beynəlxalq hüquq normalarına etinasızlıq Ermənistanı ciddi böhrana doğru aparır və müstəqil dövlət kimi mövcudluğunu böyük sual altında qoyur.
A.SƏMƏDOVA